REGİONLAR


Jurnalistlər üçün “Gilan” Qida Şəhərciyinə press-tur təşkil edilib

A+ A

Qəbələ, 28 iyul, Elvin Camalov, AZƏRTAC

İyulun 23-də “Gilan Holdinq” Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü ilə əlaqədar jurnalistlər üçün Azərbaycanın əsas turizm şəhərlərindən olan Qəbələdə yerləşən “Gilan” Qida Şəhərciyinə press-tur təşkil edib.

AZƏRTAC xəbər verir ki, press-tur çərçivəsində “Gilan” Qida Şəhərciyinə səfər edən jurnalistlər burada istehsal olunan məhsulların keyfiyyəti, hazırlanması və Azərbaycan iqtisadiyyatında “Gilan Holdinq”in məhsullarının yeri barədə məlumat alıblar.

“Damla-damla topladıq”, “həyatın rəngarəng anları üçün” devizi ilə tanınan şirkət 2006-cı ildə “Jalə şirələri” brendi adı altında meyvə sularının istehsalı ilə bazara daxil olub. 2013-cü ildə isə limonad və cipsi fabrikinin əsası qoyulub. Hazırda zavodda 850 nəfər işçi çalışır. 28 məhsul növü ilə bazarda təmsil olunan “Gilan” dünyanın 30-dan çox ölkəsinə beynəlxalq sertifikatlarla məhsul ixrac edir.

Jurnalistlər “Cipsim” adı ilə tanınan kartof emalı zavodunda görülən işlərlə tanış olublar. Zavodun kartof emalı müəssisəsinin sahə rəhbəri Əliismayıl Cəfərov jurnalistlərə məlumat verərək deyib ki, burada istehsal iki xətt üzrə gedir. Birincisi cipsi, ikincisi isə dondurulmuş kartofdur. Cipsi fabrikində istehsal olunan məhsullar şüyüd, pendir, klassik, soğan və bibərli olmaqla 5 növdür.

“Digər dondurulmuş kartof fabrikində isə “alma dilimi” adlı kartof və kartof-fri istehsal olunur. Kartoflar “Gilan” Qida Şəhərciyindən 20 kilometr aralıdakı ərazidə və təxminən 110 kilometrlik məsafədə yerləşən Goranboy rayonunda istehsal olunur. Kartof emalı müəssisəsi olaraq sübut etdik ki, Azərbaycanda 1 hektar ərazidən 50 ton məhsul götürmək mümkündür. Bu məhsullar Dubaya, Türkmənistana və Tacikistana göndərilir. Hazırda “Cipsim” Azərbaycan bazarının 30-40 faizində təqdim olunur. Zaman keçdikcə isə bazardakı yeri 70-80 faiz olacaq”, – deyə Ə.Cəfərov diqqətə çatdırıb.

Məhsulların istehsalı barədə danışan Ə.Cəfərov deyib ki, istehsal üçün gətirilən kartoflar əvvəlcə yuyulur, sonra çürükləri seçilərək atılır, daha sonra lazımı ölçülərdə doğranır və bitki yağına buraxılır. Hazırlanan “Cipsim” məhsulları 20, 75 və 150 qram ölçüdə olur və məhsulun yararlılıq müddəti 6 aydır. Kartof-frilərin isə saxlanma müddəti il yarımdır. Çipsilər tez istehlak olunmalıdır. Frilər isə donmuş halda olduğu üçün onları uzun müddət saxlamaq olur.

Daha sonra jurnalistlər limonad istehsal olunan zavoda yollanıblar. “Gilan Holdinq”in informasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidov söyləyib ki, “Gilan” tezliklə yeni məhsul olaraq “Pepsi”ni satışa çıxaracaq. Artıq bütün testlərdən keçirilən “Pepsi” hələlik yarım litrlik qablarda istehsal olunacaq. Gələcəkdə 1 litrlik “Pepsi”nin də istehsalı nəzərdə tutulub. “Pepsi”nin qiyməti bazara görə tənzimlənəcək. Sadəcə, üzərində “Made in “Gilan Holding” qeyd olunub. Gələcəkdə “Aqua-mineral” sular da burada istehsal ediləcək. Limonad istehsalı fabrikində saatda 20 min ədəd şüşə qablaşdıra bilən, İtaliya və Almaniyaya məxsus müştərək şirkətlərin xətləri quraşdırılıb.

Ramazan Seyidov ölkədə istehsalı az olan məhsullara baxmayaraq “Gilan”ın hazırladığı çoxlu təbii məhsulların sirrini açıqlayıb. “Məhsulun qatılaşdırılmış forması olur. Biri var konservant, biri də var qatışladırılmış məhsul. Problemsiz daşınma üçün məhsulları qatılaşdırıb daşımaq daha uyğun olur. Ona görə, aseptik çəlləklər istifadə edilir. Bu çəlləklərdə istər portağal, istər feyxoa, istərsə də qreyfrut qatılaşdırılmış formada gətirilir, yenidən suyla şəkər vurularaq paketləşdirilir və nəhayət, bazara çıxarılır. “Jalə” şirələrinin istehsal prosesində müxtəlif meyvələrdən istifadə olunur. İranda böyük albalı plantasiyaları var. Onlar albalını yığıb qatılaşdırılmış formaya salır və biz də onlardan alıb məhsul istehsal edirik. Banan Braziliyadan, portağal Afrikadan alınır. Hollandiyadan idxal olunan məhsullar da var. Biz bazarın tələbatına uyğun olaraq məhsullar alırıq. Yerli məhsullardan ən çox nar və alma alınır. Alma Qubadan, Qəbələnin özündən və Göyçaydan alınır”, - deyə R.Seyidov qeyd edib.

Bildirilib ki, Göyçayda hektarlarla salınan nar bağları var. Nar şirələri üçün məhsul buradan yığılır və istifadə olunur. Qəbələnin Vəndam kəndində dağdan axan su var və bütün içkilər üçün o sudan istifadə edilir: “Məhsullar hazır olandan sonra laboratoriyada həmin məhsullardan bir-iki nümunə götürülür və yoxlamadan keçirildikdən sonra bazara çıxarılır. Limonad və meyvə sularının istehsalı zamanı meyvə qəbul olunur. Onun keyfiyyət göstəriciləri yoxlanılır, yuyulur, seçilir, qabıqdan ayrılır, pasterizasiya mərhələsinə ötürülür. Daha sonra isə soyudulur və filtrləmə mərhələsinə keçilir. Bunlar xammal olaraq saxlanıla, yaxud da birbaşa sıxmaya da gedə bilər. Hazır məhsullar ilin bütün mövsümlərində, xammal olaraq aldığımız nar, alma, heyva isə yetişdikləri mövsümdə istehsal olunur. Onları mövsümündə alıb 200-250 qramlıq aseptik torbalarda qablaşdırırıq. Aseptik torbalara yığmamışdan əvvəl meyvələrin çəyirdəkləri, içindəki lifləri və qabığı ayrılır”.

Ramazan Seyidov qeyd edib ki, “Gilan Holdinq” qida sənayesində yeganə şirkətdir ki təşkilatlar, universitetlər üçün “Açıq qapı” günü elan edib: “2010-2011-ci ildən bu işə başlamışıq və istənilən təşkilat, ya da universitet nümayəndələri, tələbələr bizə gələrək istehsal mexanizmi ilə tanış ola bilərlər. İndiyə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qafqaz universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, liseylər, məktəblər bu kampaniyada iştirak ediblər”.

R.Seyidov zavodun məhsullarının ABŞ, Hollandiya, Çin, Gürcüstan, MDB ölkələri, Türkiyəyə ixrac olunduğunu söyləyib. Makina mühəndisinin sözlərinə görə, fabriklər yeni istifadəyə veriləndə əcnəbi mütəxəssislər var idi: “Daha sonra texniki heyət və digər işçilər yerli mütəxəssislərlə əvəz olunub və bu zaman əsasən Qəbələ sakinlərinə üstünlük verilib. Bu, bir növ həm biznes, həm də, sosial layihə əhəmiyyətini daşıyır. Üç fabrikin 850 əməkdaşı var. Təbii ki, bu da 850 ailənin gəlir mənbəyi deməkdir. “Gilan Holdinq” regionun ən güclü qida sənayesi şəhərciklərindən biridir. Mütəxəssislər tərəfindən holdinq işçilərinə mütəmadi olaraq treninqlər keçirilir. Mütəxəssislərimiz daha çox Türkiyədə təcrübə keçirlər. Zavodda təhlükəsizlik işi yüksək səviyyədə təşkil olunub. 200-ə yaxın müşahidə kamerası var”, - deyə R.Seyidov məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.