MƏDƏNİYYƏT
Jurnalistlər üçün Naftalana infotur təşkil edilib
Bakı, 9 noyabr, Flora Şükürova, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 8-də media nümayəndələrinin Naftalana infoturu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, infoturun məqsədi Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdir.
Tədbir iştirakçıları əvvəlcə “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzi ilə tanış olublar. Jurnalistlərə Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verilib.
İnfotur çərçivəsində, həmçinin bir neçə təqdimat keçirilib, Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanışlıq təşkil olunub.
Jurnalistlərin iştirakı ilə keçirilən “dəyirmi masa”da Azərbaycanda sağlamlıq turizminin hazırkı vəziyyəti və problemləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Səfərdə iştirak edən media nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunublar.