İQTİSADİYYAT
Jurnalistlər üçün bizneslə bağlı mətbuat mövzularını əhatə edən təlim proqramı
Bakı, 28 noyabr, AZƏRTAC
“British Council” “PAŞA Bank” ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan jurnalistləri üçün bizneslə bağlı mətbuat mövzularını əhatə edən təlim proqramı təşkil edir.
Məqsəd ölkədə ədalətli və peşəkar xəbərlər hazırlayan gənc aparıcı jurnalistlərin yetişdirilməsinə dəstək göstərmək və Azərbaycanda biznes mövzularını əhatə edən jurnalistika standartlarının inkişafına yardım etməkdir.
“British Council”dan AZƏRTAC-a bildiriblər ki, bu layihəyə 2011-ci ildən həyata keçirilir və artıq 4-cü qrup üçün təlim sessiyasına start verilib. “British Council və PAŞA Bank” birlikdə AZƏRTAC, Trend, Lider TV, Regional TV, Banco.az, Fins.az, Gun.az, ANS TV, Regional TV və Elektron Hökumət xəbər portalı da daxil olmaqla, Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalistini layihədə iştirak üçün seçib.
Təlim zamanı jurnalistlər xüsusi hazırlanmış biznes jurnalistikası kursu keçəcəklər. Yekunda seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan olan aparıcı media müəssisələrinə mübadilə səfəri edəcək, bir sıra görkəmli jurnalistlərlə görüşəcəklər.
Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın “Thomson Fondu” ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.