CƏMİYYƏT


Jurnalistlər yüksək etimada, diqqət və qayğıya görə Prezidentə minnətdarlıq edirlər

Bakı, 2 avqust, AZƏRTAC

Jurnalistlər üçün tikilən ikinci yaşayış binasının Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi və üçüncü binanın təməlinin qoyulması cəmiyyətdə geniş əks-səda doğurub. Jurnalist kollektivləri, yeni mənzilin sevincini yaşayan media işçiləri göstərilən diqqət və qayğıya görə Prezidentə təşəkkür məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC xəbər verir ki, məktub müəllifləri mətbuatın inkişafı üçün yaradılan şəraitə, yüzlərlə jurnalistin mənzillə təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıq hisslərini çatdırır, KİV-in qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün daha səylə çalışacaqlarını bildirirlər.

“Kaspi” (rus dilində) qəzetinin baş redaktoru, Əməkdar Jurnalist İlqar Hüseynov əsası böyük maarifpərvər Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın müasir dövrümüzdə sürətlə inkişaf etdiyini, bunun KİV-ə və jurnalistlərə göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olduğunu vurğulayır. Yazır ki, uzun illər boyu mətbuatda işləmiş milli jurnalistika veteranlarına və bu xoşbəxt günü görə bilməyənlərin ailələrinə mənzillərin verilməsi böyük sevincə səbəb olub. Gözləmədikləri halda mənzil sahibi olmaları, çoxillik zəhmətlərinin dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirilməsi sevinc hissləri ilə yanaşı, sabahkı günə inamı da artırıb.

Məktubda daha sonra deyilir: “Cənab Prezident, Sizin, sözün əsl mənasında, bu böyük hədiyyəniz jurnalistləri çoxillik sıxıntılardan qurtararaq, onların mənzil problemini birdəfəlik həll etdi. 255 ailə Azərbaycan paytaxtının gözəl guşələrindən birində, Xəzərin sahilində tam təmirli, işıqlı və geniş mənzillərlə təmin olundu. Onların arasında rus dilində çıxan “Kaspi” qəzetinin üç əməkdaşı da var. Kollektivimiz bunu Azərbaycan dövlətinin və şəxsən Sizin jurnalist əməyini yüksək qiymətləndirməyinizin, problemlərimizə həssaslıqla yanaşmağınızın əyani təsdiqi kimi dəyərləndirir. Sizi əmin etmək istəyirik ki, ölkəmizin erməni təcavüzü ilə qarşı-qarşıya qaldığı bir vaxtda ideoloji cəbhənin layiqli nümayəndəsi olmaq üçün bundan sonra da maksimum qüvvə və səylə işləyəcək, qarşımıza qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Prezidentə digər bir məktub “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli tərəfindən ünvanlanıb. O yazır: “Hörmətli Prezident, Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına maddi yardımlar göstərilməsi, eləcə də media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə, söz və fikir azadlığına verdiyiniz yüksək qiymətin bariz nümunəsidir. Sizin Sərəncamınızla inşa edilən binada mənzil alan media təmsilçilərinin sırasında “Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının – Arzu Şirinova və Mahir Zeynalovun da olması bizi qürurlandırdı. Göstərdiyiniz yüksək etimada və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu etimada layiq olmaq üçün bacarığımızı əsirgəməyəcək, Sizin tövsiyələrinizə uyğun olaraq milli-mənəvi dəyərlərimizi, dövlət və milli maraqlarımızı hər zaman üstün tutacaq, qarşımıza qoyduğunuz strateji hədəflərə çatmaq üçün yorulmadan fəaliyyət göstərəcəyik”.

Daha bir məktuba nəzər yetirək. “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafındakı xidmətlərini xatırladaraq yazır: “Məhz Ümummilli Liderin qətiyyəti nəticəsində senzura ləğv edildi, media sahəsində mükəmməl qanunvericilik bazası yaradıldı. Hazırda Azərbaycanda müasir tələblərə cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar bu reallığın nəticəsidir. Siz bu siyasəti uğurla davam etdirərək, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırsınız. İyulun 20-də daha 255 jurnalisti mənzillə təmin edərək onlara həyatlarının ən xoşbəxt günlərini yaşatdınız. Onların arasında “Azadinform” İnformasiya Agentliyinin əməkdaşları da var və buna görə Sizə kollektivimizin dərin minnətdarlığını bildiririk”.

Jurnalistlər üçün tikilən yeni binada “Xalq qəzeti”nin də 5 əməkdaşı mənzillə təmin edilib. Baş redaktor Həsən Həsənovun Prezidentə ünvanlanan məktubunda deyilir: “Möhtərəm cənab Prezident, iki ildən sonra 100 yaşını qeyd edəcək Azərbaycanın anadilli ən qocaman və aparıcı kütləvi informasiya vasitələrindən olan “Xalq qəzeti”nin kollektivi Sizə dərin təşəkkürünü çatdırır. Sizin xeyirxah təşəbbüsünüz, jurnalistlər üçün yaşayış binalarının tikilməsi, mənzillərin ədalətlə paylanması, böyük məsuliyyət tələb edən bu işin dövlətçiliyə və milli mətbuatımıza sədaqətli, prinsipial insanlara etibar edilməsi təqdirəlayiqdir. Kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli qayğı və dəstəyinizə, söz və mətbuat azadlığına dəyərli töhfələrinizə görə Sizə bir daha minnətdarlığımızı bildirir, Azərbaycanın çiçəklənməsi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.