CƏMİYYƏT


Jurnalistlərə üzərində “PRESS” yazılan gödəkçələr paylanıb

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə üzərində “PRESS” yazılan xüsusi gödəkçələrin hazırlanmasına başlayıb. Artıq onların müəyyən qismi Şuraya gətirilib. Növbəti hissəsi də yaxın zamanda hazırlanacaq.

Bu barədə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.

Sentyabrın 22-də Mətbuat Şurasında üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrin KİV redaksiyalarına paylanması ilə bağlı toplantı keçirilib. Toplantıda media rəhbərləri də iştirak ediblər.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu mitinqlərdə və küçə aksiyalarında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparır. Eyni zamanda, bunun üçün yaradılmış şərait də nəzərdən keçirilib. Şuranın sədri deyib: “Monitorinqlərdə tez-tez üzləşdiyimiz məqam budur ki, mitinqi işıqlandıran jurnalistlərin heç də hamısı üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmurlar. Bu, xoşagəlməz haldır. Çünki nə qədər icazəli xarakter daşısa da, mitinqlər insanların kütləvi şəkildə bir yerə toplaşdıqları aksiyalardır. Burada hər an ekstremal şərait yarana bilər. Jurnalistlərin mitinq iştirakçılarından fərqlənməməsi onların sərbəst fəaliyyətini məhdudlaşdırır, eyni zamanda, təhlükəsizliyinə xələl gətirir. Buna görə də biz Daxili İşlər Nazirliyi ilə birgə bu gödəkçələrin hazırlanmasına qərar verdik. Əvvəllər iki dəfə bu gödəkçələr hazırlanıb. İlk dəfə bunu Daxili İşlər Nazirliyinin dəstəyi ilə etmişdik. Jurnalistlərdən xahiş olunur ki, mitinqlər və digər küçə aksiyaları zamanı mütləq qaydada xüsusi gödəkçələrdə olsunlar. Baş redaktorlar mitinqlərə müxbirlər göndərəndə onların xüsusi gödəkçədə olmalarına ciddi nəzarət etsinlər. Bu yarana biləcək hər hansı xoşagəlməz vəziyyətdə medianın hüquqlarının müdafiəsi baxımdan önəmlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.