SİYASƏT
KADR DƏYİŞİKLİYİ TƏBİİ PROSESDİR
Daxili işlər orqanlarında aparılan kadr dəyişikliyi və yerdəyişmələr təbiidir və bu işdə təəccüblü heç nə yoxdur. Bu barədə AZƏRTAC-a məlumat verən daxili işlər naziri, general-polkovnik Ramil Usubov demişdir ki, əsas məqsəd bacarıqlı, təcrübəli kadrları irəli çəkmək və cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirməkdir. Uzun müddət polis rəisi işləyən adam əgər özünü doğruldubsa, yaxşı işləyirsə, bərabər vəzifəli başqa bir yerə təyin edilə bilər. Son vaxtlar müxalifət qəzetlərində bu məsələyə siyasi don geyindirilir və müxtəlif böhtan xarakterli məlumatlar yayılır. Belə məlumat verməklə oxucu kütləsi toplamaq mümkün deyil və bu gün səviyyəsi olan oxucu yalan məlumatlar yazan qəzetləri almır.
Ümumiyyətlə, kadr dəyişikliyi məsələsi heç kəsdə şübhə yaratmamalıdır və bu, nazirliyin daxili işidir. Bu siyasət düzgün aparılır və bunun sayəsində ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin uğurlu nəticələri hamıya bəllidir.