Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KALİFORNİYA ŞTATI ASSAMBLEYASININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ ÜNVANLADIĞI QƏTNAMƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idarəçilik və dövlətçilik sahəsindəki xidmətlərinə görə xüsusi şərəfə layiqdir.

Bakıda orta məktəbi bitirdikdən sonra Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış və həmin institutda müəllim işləməzdən öncə tarix sahəsi üzrə doktor dərəcəsi almışdır.

1991-ci ildən 1994-cü ilədək Prezident İlham Əliyev özəl kommersiya şirkətləri qrupuna rəhbərlik etmişdir. Bundan sonra isə 2003-cü ilədək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonralar isə 1-ci vitse-prezidenti vəzifəsində çalışmışdır. Bu illər ərzində o, uzaqgörən liderlik qabiliyyətini nümayiş etdirmişdir.

1995-ci ildə və təkrarən 2000-ci ildə İlham Əliyev parlamentə (Milli Məclisə) üzv seçilmişdir və 2001-ci ildən 2003-cü ilədək Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın parlament nümayəndə heyətinə başçılıq etmişdir.

2003-cü ilin yanvar ayında Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədr müavini və AŞPA-nın büro üzvü seçilmiş, 2004-cü ilin aprel ayında AŞPA-nın bütün tədbirlərində fəal iştirakına və Avropa dəyərlərinə sadiq olduğuna görə AŞPA-nın fəxri üzvü medalı və diplomu ilə təltif olunmuşdur.

İlham Əliyev 2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin olunmuş, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş və həmin ayın 31-dən öz səlahiyyətlərini icra etməyə başlamışdır.

1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidenti kimi idmanın və Olimpiya hərəkatının inkişafına verdiyi dəstəyə görə, Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin ən yüksək ordeni ilə təltif olunmuşdur.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini səlis bilən Prezident İlham Əliyev neft sənayesi, iqtisadiyyat və neft sektorunun tarixinə həsr olunmuş bir sıra kitabların müəllifidir.

Prezident İlham Əliyev Mehriban xanım Əliyeva ilə ailə qurmuşdur və üç övladı – Leyla, Arzu və Heydərlə özlərini xoşbəxt hesab edirlər.

Kaliforniya Ştatı kaliforniyalılarla Azərbaycan xalqı arasında dil, adət-ənənə və coğrafi hüdudlar kimi maneələri dərk edir və fürsətdən istifadə edərək, dünyada sülhün möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərdə birgə fəaliyyəti alqışlayır.

Kaliforniya Ştatı Assambleyasının sədri Karen Bass böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik sahəsindəki xidmətlərini, şəxsi və peşəkar nailiyyətlərini, bütün xalqlar arasında dostluq və əməkdaşlıq ruhunun möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

xanım Karen Bass

Kaliforniya Ştatı Assambleyasının sədri

4 noyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin