DÜNYA
KANADADA “XƏLVƏTİ İQTİSADİYYATIN” MİQYASI
Kanadada “xəlvəti iqtisadiyyatın” miqyası 130 milyard Kanada dolları həddinə çatmışdır. Kanadada Vergilər fondu müstəqil tədqiqatlar təşkilatının ekspertləri bu qənaətə gəlmişlər ki, ölkə sənayesinin 16 faizinin “xəlvəti” olmasının təqsiri vergiqoymanın yüksək səviyyəsindədir.
Alimlərin hesablamalarına görə, ölkənin “xəlvəti iqtisadiyyatının” həcmi Kanadanın iki əyalətinin – Saskaçevani və Britaniya Kolumbiyası əyalətlərinin ümumi daxili məhsuluna bərabərdir.
Fondun məlumatına görə, vergidən yayınma və müxtəlif qeyri-qanuni fəaliyyət növləri nəticəsində hökumət hər il 14 milyard Kanada dolları itirir. Tədqiqatların rəhbəri Devid Pervi bildirir ki, 1990-cı illərin axırlarından bəzi vergilərin azaldılmasına baxmayaraq, bütövlükdə, ölkədə vergilər get-gedə artmaqdadır. 1991-ci ildən mallara və xidmətlərə qoyulmuş federal vergi \7 faiz/ “xəlvəti iqtisadiyyatın” proqnozlaşdırıldığından daha fəal inkişaf etməsinə gətirib çıxarmışdır. Kanada iqtisadçıları hesab edirlər ki, vergi dərəcələrinin aşağı salınması “xəlvəti iqtisadiyyatın” həcminin azalmasına təminat verməsə də, onun qarşısını almağa cəhd göstərmək üçün dövlətin əlində yeganə mühüm vasitədir”.
İTAR-TASS-ın məlumatına görə, fondun mütəxəssisləri “xəlvəti iqtisadiyyata” həm qanuni, həm də qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən və dövlətdən gizlədilən gəlir növlərini aid edirlər.