DÜNYA
KANADA ƏHALİSİ ƏSASƏN MÜHACİRLƏR HESABINA ARTMIŞDIR
OTTAVA. İkinci dünya müharibəsindən bəri ilk dəfədir ki, Kanada əhalisinin əsas artım mənbəyi doğumun sayı deyil, mühacirlər olmuşdur. Əhalinin 2001-ci ilin mayında keçirilmiş siyahıyaalınmasının nəticələrinə görə, hazırda ölkədə 30.007 milyon adam yaşayır.
Demoqraflar əhali artımının ölkənin bütün tarixi ərzində ən aşağı səviyyədə olduğunu da qeydə almışlar: son beş ildə artım cəmi
4 faiz təşkil etmişdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, əhalinin əsas “axını” Alberta və Ontario əyalətlərində müşahidə olunur – müvafiq surətdə 10,3 və 6,1 faiz. Alberta özünün uğurla inkişaf edən iqtisadiyyatı sayəsində Kanadanın digər əyalətlərinin sakinləri üçün cəlbedici yer olmuş, Ontarionun əhalisi isə, əsasən, başqa ölkələrdən gələnlərin hesabına artmışdır. 1996-2001-ci illərdə Kanadaya gələn bütün mühacirlərin yarısından çoxu bu əyalətdə məskunlaşmışdır.