MƏDƏNİYYƏT
KARELİYA RESPUBLİKASININ BAŞÇISI MÜSƏLMANLARI QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Kareliya Respublikasının başçısı Sergey Katanandov Rusiyanın bu subyektinin müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmişdir. Kareliya Müsəlmanları İdarəsinin mətbuat xidməti bildirmişdir ki, S.Katanandov müfti Visam Əli Bardvilin adına təbrik məktubu göndərmişdir.
Respublikanın rəhbəri təbrik teleqramında həmçinin bildirir ki, Kareliyanın hökuməti və digər hakimiyyət orqanları bütün dini təşkilatların, o cümlədən də müsəlman qurumlarının mənəvi və əxlaqi amalların həyata keçirilməsi sahəsində səylərini dəstəkləyirlər. O, Konstitusiyada nəzərdə tutulan vicdan və dini etiqad azadlığı prinsiplərinin həyata keçirilməsinə, milli-mədəni və dini ənənələrin sərbəst inkişafı üçün hər cür şərait yaradılmasına yönəldilmiş siyasətin bundan sonra da davam etdiriləcəyinə söz vermişdir.