İQTİSADİYYAT
KATV1 texniki ixtisası olan tələbələr üçün təcrübə proqramına başlayır
Bakı, 12 fevral, AZƏRTAC
KATV1 şirkəti texniki ixtisası olan tələbələr üçün təcrübə proqramına başlayır. Bununla yanaşı, təcrübəli texniki mütəxəssisləri işə cəlb edir. Mütəxəssislərin cəlb olunması şirkətin göstərdiyi xidmətlərin genişləndirilməsi və yeni kadr siyasətinin həyata keçirilməsi ilə əlaqədardır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müsabiqə əsasında istedadlı tələbələr seçilərək şirkətdə təcrübə keçmək və daha sonra KATV1 və ya onun törəmə şirkətlərindən birində işlə təmin olunmaq imkanını əldə edəcəklər.
KATV1, həmçinin internet-xidmətləri sahəsində geniş təcrübəyə malik yüksəkixtisaslı mütəxəssislərin xidmətlərində də maraqlıdır.
İşlə təmin olunmaq arzusunda olanlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
KATV1-in kadr siyasəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı dövründə Azərbaycanın kadr potensialının gücləndirilməsi çərçivəsində istedadlı tələbələrin və gənc mütəxəssislərin karyeraları üçün əlverişli imkanların yaradılmasına istiqamətlənir.