REGİONLAR
KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI ÜÇÜN
Sumqayıtda Regional resurslar və qeyri-hökumət təşkilatları üçün treninqlər mərkəzi açılmışdır. Bu, Danimarkanın qaçqınların işləri üzrə şurasının və BMT-nin İnkişaf Proqramının təşkilati və maliyyə dəstəyi sayəsində mümkün olmuşdur.
Mərkəzin əlaqələndiricisi Leyla Hacıyeva bildirir ki, 60-dək qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyi şəhərdə müasir, yaxşı təchiz edilmiş belə bir ofisin yaradılması regional qeyri-hökumət təşkilatlarının, habelə təşəbbüs qrupları və icmalarının təlabatını təmin etməyə, onların maarifçilik və təşkilati səviyyəsini yüksəltməyə imkan verəcəkdir. Onların nümayəndələri mərkəz donorlarla əlaqə yaradılmasında , habelə inigilis dilini və kompüterlə işləməyə öyrənməkdə də onlara kömək göstərəcəkdir.
Mərkəz öz fəaliyyətini dövlət strukturları ilə sıx əlaqədə qurmaq niyyətindədir. Bu, iqtisadi sektorun, kiçik və orta biznesin inkişafına müsbət təsir göstərəcək, İnternet mərkəzinin təşkili isə gələcəkdə xarici qeyri-hökumət təşkilatları ilə əlaqələr yaratmağa imkan verəcəkdir.