ELM VƏ TƏHSİL
KİŞİNYOVDA AZƏRBAYCAN BAZARGÜNÜ MƏKTƏBİ AÇILMIŞDIR
Ölkəmizin Kişinyovdakı səfirliyi nəzdində Azərbaycan bazargünü məktəbi açılmışdır.
Diplomatik nümayəndəliyimizin başçısı Azər Xuduyev AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, soydaşlarımızın 50-dən çox uşağı bu məktəbdə ana dilini, mədəniyyətimizi, tariximizi, habelə ingilis və fransız dillərini öyrənmək üçün gözəl imkan əldə etmişdir.
Tezliklə həmin məktəb burada yaşayan imkanlı azərbaycanlıların maliyyə dəstəyi ilə yeni texnika və İnternet şəbəkəsi ilə təchiz olunacaqdır. Kişinyovun mərkəzi küçələrindən olan İzmail küçəsindəki ”Azərbaycan” ticarət evinin binasında yenidənqurma işləri gedir. Belə bir evin Qaqauz Yerində də açılması gözlənilir. Bundan əlavə, tərəflər arasında Moldova Respublikası və Qaqauziya parlamentlərində Azərbaycanla dostluq qruplarının yaradılması ilə bağlı danışıqlar başa çatmaqdadır.