SİYASƏT


KİVDF-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 13 iyun tarixli Sərəncamı ilə yenidən Fondun icraçı direktoru təyin edilmiş Vüqar Səfərlini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Əli Həsənov Fondun Müşahidə Şurasının dövlətimizin başçısının 2017-ci il 5 iyun tarixli Sərəncamı ilə təyin edilmiş üzvlərinə də uğurlar arzulayaraq onların KİVDF-nin səmərəli fəaliyyətinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Fondun icraçı direktorunun və Müşahidə Şurasının yeni üzvlərinin cəmiyyətdə tanındıqlarını və medianın inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayan Prezidentin köməkçisi onların dövlətimizin başçısının yüksək etimadını doğruldacaqlarına əmin olduğunu bildirib.

Əli Həsənov dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış Fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul edildiyini bildirən Əli Həsənov ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Prezidentin köməkçisi Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlığının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Əli Həsənov 22 iyul - Milli Mətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.

Sonra Fondun Nizamnaməsinə müvafiq olaraq iclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov sədr müavini seçiliblər.

Fondun icraçı direktoru Vüqar Səfərli göstərilən yüksək etimada görə öz adından və Müşahidə Şurasının yeni üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. İcraçı direktor göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını qeyd edib. Vüqar Səfərli medianın problemlərinin həllinə həssas və qayğıkeş münasibətinə görə, həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənova minnətdarlığını bildirib.

Müşahidə Şurasının sədri Həsən Həsənov, şura üzvlərindən İntiqam Hümbətov və Bəhruz Quliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürlərini bildirib, Fondun və Müşahidə Şurasının səmərəli fəaliyyəti üçün səylə çalışacaqlarını vurğulayıblar.

İclasda Fondun gələcək fəaliyyət istiqamətləri ətrafında da müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.