CƏMİYYƏT


KİVUNİM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyəti Quba rayonunda olub

Bakı, 7 dekabr, AZƏRTAC

ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən məşhur KİVUNİM Amerika-İsrail akademik təşkilatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri Quba rayonundakı Qırmızı Qəsəbə ilə də tanış olublar.

“Azərbaycan-Dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” adlı layihənin müəllifi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut nümayəndə heyətinin üzvlərinə Qırmızı Qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqları arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətləri, Azərbaycan xalqının və ölkə rəhbərliyinin yəhudi icmasına səmimi və hörmətli münasibəti barədə ətraflı məlumat verib.

Sonra amerikalı tələbələrin nümayəndə heyətinin üzvləri Qırmızı Qəsəbədəki sinaqoqa baş çəkiblər. Arye Qut sinaqoqda çıxış edərək vurğulayıb ki, Qırmızı Qəsəbə dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə yer, sözün həqiqi mənasında Azərbaycanın fəxridir. O deyib: “Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır. Onları bir-birinə bağlayan ortaq tale və ortaq tarixdir. Azərbaycandakı yəhudi icması Azərbaycan cəmiyyətində mühüm inteqrasiyaedici rol oynayır. Millətlərarası və dinlərarası münaqişələrin alovlandığı, antisemitizmin və islamofobiyanın tüğyan etdiyi bugünkü dünyada Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Azərbaycan bütün dünyaya göstərir ki, onun yürütdüyü tolerantlıq və multikulturalizm siyasəti Azərbaycan cəmiyyətinin həyat tərzidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandakı bütün icmalara, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasına sözün həqiqi mənasında çox böyük diqqət, həssas və səmimi münasibət göstərir. Tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, buna görə də biz, əslən Azərbaycandan olanlar, bununla qürur duyuruq. Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir”.

KİVUNİM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin rəhbəri Cey Liberman Azərbaycanda yəhudilər üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib. Liberman deyib: “İki günlük səfər müddətində bizim tələbələr Azərbaycanda yaşayan yəhudi icmasına səmimi münasibət bəsləndiyini hiss etdilər. Azərbaycan bütün dünya birliyi üçün tolerantlığın real nümunəsidir”.

Sonra Amerika-İsrail akademik təşkilatının nümayəndə heyəti 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpağında törədilmiş qətliamın qurbanları olmuş on minlərlə azərbaycanlının, üç min yəhudinin, ləzgi və digər xalqların mindən çox nümayəndəsinin xatirəsinə ucaldılmış Quba Memorial Soyqırımı Kompleksində olublar. Nümayəndə heyətinə ətraflı məlumat verilib. Bildirilib ki, bu qırğın Azərbaycan tarixinə XX əsrin ən faciəli hadisələrindən biri kimi daxil olub.

Amerikalı tələbələr Quba Memorial Soyqırımı Kompleksində eşitdikləri və gördüklərinin təsirindən şoka düşüblər. Amerikalı tələbələrdən ibarət nümayəndə heyəti qətliamın dəhşətli sübutlarını görəndən sonra 1918-ci ilin mart ayında erməni daşnakların Qubada qətlə yetirdikləri azərbaycanlı və yəhudilərin ruhuna kadiş (yəhudi dilində dua) oxumağı qərara alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.