DÜNYA
KİV: Berlində törədilmiş terror aktının icraçısı hələ də azadlıqdadır
Bakı, 20 dekabr, AZƏRTAC
Almaniyanın hakimiyyət orqanları şübhə etmirlər ki, bazar ertəsi günü axşam Berlinin mərkəzindəki Yeni il yarmarkasında yük avtomobilinin insanların üstünə sürülməsi terror aktıdır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, “Welt” qəzetinin yaydığı məlumata görə, polis həbs olunan pakistanlının hücumu reallaşdıran şəxs olduğuna əmin deyil. Polis icraçının hələ azadlıqda olduğunu və silahlana biləcəyini istisna etmir, buna görə də insanları sayıqlığa çağırır.
Xatırladaq ki, yük avtomobilinin təkərləri altında azı 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Bir qədər əvvəl məlumat verilmişdi ki, hadisədən sonra şahidlərin köməyi ilə terror aktının güman olunan icraçısı – 23 yaşlı pakistanlı qaçqın tutulub. Polşa vətəndaşı avtomobilin kabinəsində ölü tapılıb. Maşın Polşanın yükdaşımaları şirkətinə məxsus olub. Firmanın sahibi bildirib ki, faciəyə bir neçə saat qalmış sürücü ilə əlaqə kəsilib. Polis hesab edir ki, hücum edən şəxs sürücünü öldürüb və avtomobili qaçırıb.