CƏMİYYƏT


KİV əməkdaşları: Jurnalist ailələrinə bəxş etdiyiniz sevinc xeyirxahlığın, humanistliyin ali məqamıdır

Bakı, 11 avqust, AZƏRTAC

Jurnalistlər üçün tikilən ikinci yaşayış binası Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlətimizin başçısının bu nəcib təşəbbüsü sayəsində daha 255 media işçisi mənzil sahibi olub. Həmin gün üçüncü binanın da təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, bu günlər redaksiyaların kollektivləri, yeni mənzilin sevincini yaşayan mətbuat işçiləri Prezidentə çoxsaylı təşəkkür məktubları ünvanlamaqda davam edirlər. Bu məktublarda dövlətimizin başçısına həm mətbuatın inkişafı istiqamətində atdığı davamlı addımlara, həm də jurnalistlərə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıq hissləri ifadə olunur.

“İctimai” televiziyanın əməkdaşı Eldar İskəndərzadə Prezident İlham Əliyevin 255 jurnalisti mənzillə təmin edərək, onların ailələrinə sevinc bəxş etdiyini vurğulayaraq yazır: “Hörmətli cənab Prezident, mənə göstərdiyiniz qayğının qəlbimdə yaratdığı minnətdarlıq hisslərini ifadə etməyə söz tapa bilmirəm. Beş nəfərlik ailəmi ev-ocaq sahibi etdiniz. Biz Sizin qayğınızla inşa edilən ocağın istisinə qızına-qızına övladlar böyüdəcək, daim bu divarlar arasında Sizi xatırlayacaq, ömrümüz boyu duaçınız olacağıq. Siz dünyanın ən qayğıkeş, ən humanist dövlət başçısısınız! Siz xalq məhəbbəti qazanmış Ali şəxsiyyətsiniz! Bizə ev verməklə ailəmin hər bir üzvünün qəlbində özünüzə möhtəşəm bir ehtiram qalası ucaltdınız! Sizə şərəfli işinizdə uğurlar arzu edirik. Sizin qayğınızın sevincini yaşamaq bizə qismət oldu. Sizin üçün etdiyimiz duaların Allah dərgahında qəbul edilməsini görmək də nəsibimiz olsun, inşallah!”

Prezidentə digər bir məktub “Azərbaycan” qəzetinin redaktor müavini Amil Novruzov

tərəfindən ünvanlanıb. O, 255 jurnalistdən biri kimi, onun da ailəsinə yaşatdığı sevincə görə dövlətimizin başçısına təşəkkür edir: “Çox hörmətli cənab Prezident, Azərbaycan jurnalistləri hələ də Sizinlə bu il iyulun 20-də Milli Mətbuat Günü ərəfəsindəki görüşün xoş təəssüratları ilə yaşayırlar. Jurnalistlər üçün tikdirdiyiniz və həmin gün açılışını etdiyiniz bina Sizin dövlət başçısı kimi bizim sadə əməyimizə verdiyiniz yüksək dəyərin bir nümunəsidir. Həmin binada mənim ailəm də yaşayacaq. Bunun üçün Sizə özümün və ailəmin adından dərin minnətdarlığımı bildirirəm.

Media işçiləri bu diqqət və qayğıya cavab olaraq daha əzmlə çalışacaq, dövlətçiliyimizə xidmət edəcək, nailiyyətlərimizi işıqlandıracaq, nöqsanlara qarşı barışmaz olacaqlar”.

“Azərbaycan” qəzetinin müxbiri Flora Sadıqovanın yazdığı məktubda deyilir: “Möhtərəm cənab Prezident, jurnalistlər üçün tikdirdiyiniz ikinci, 255 mənzilli binanın bir mənzili də mənim qismətimə düşüb. Dünyanın heç bir ölkəsində belə nəcib təşəbbüs yoxdur. Bu, Sizin jurnalistlərə göstərdiyiniz diqqət və qayğının əyani sübutudur. Bu xeyirxah iş, həmçinin Sizin “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” kəlamınızın parlaq təzahürlərindən biridir. Çünki biz jurnalistlər də xalqın nümayəndəsiyik və Sizin göstərdiyiniz qayğı və diqqətdən çox məmnunuq. Sizə minnətdarıq, cənab Prezident, çox sağ olun, var olun!”

Yeni mənzilin sevincini yaşayanlardan biri də Bakı şəhərindən Çingiz Sadıqovdur. O, keçirdiyi hissləri və minnətdarlıq duyğularını belə ifadə edir: “Hörmətli cənab Prezident, son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, həmçinin digər sahələrdə baş verən dinamik inkişaf, əldə olunan böyük uğurlar hər bir qələm adamı kimi, məni də ürəkdən sevindirir. Bu il iyulun 20-də jurnalistlər üçün inşa edilmiş yeni yaşayış binasının Sizin iştirakınızla paylanması mərasimində başqa həmkarlarımla bərabər mən də unudulmaz sevinc hissləri yaşadım. Yeri gəlmişkən, qeyd edim ki, çalışdığım “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinin kollektivinə daim diqqət və qayğı göstərmisiniz. Belə ki, vaxtaşırı olaraq nümayəndəliyin maddi-texniki bazasının gücləndirilməsində, eləcə də kollektivin bir neçə üzvünün müxtəlif orden və fəxri adlar almasında öz qayğıkeşliyinizi nümayiş etdirmisiniz.

Cənab Prezident, ev alan 255 jurnalistdən biri kimi mənzil şəraitimin yaxşılaşdırılmasında göstərdiyiniz unudulmaz qayğıya görə, Sizə, ilk növbədə, ailə üzvlərim, həmçinin çalışdığım kollektivin adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!”

Prezidentə ünvanlanan məktubların müəllifləri arasında “Hacıqabul” qəzetinin əməkdaşı Nazim Zeynalov da var. O, 255 media işçisinin mənzillə təmin olunması xəbərini eşidəndə hədsiz sevindiyini qeyd edərək yazır: “Möhtərəm cənab Prezident, 22 iyul – Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ürəkdən minnətdarlığımı bildirir, müstəqil Azərbaycanımızın gələcəyi naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm. Ulu Tanrı Sizi qorusun, daim Sizə kömək olsun!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.