DÜNYA


KİV-lər: İrəvanda polis bölməsinə silahlı basqından sonra müxalifət fəalları saxlanılıb [YENİLƏNİB]

A+ A

Bakı, 17 iyul, AZƏRTAC

İrəvanda bir qrup silahlı şəxsin polis bölməsini ələ keçirməsindən sonra hüquq mühafizə orqanları 10-a yaxın müxalifət nümayəndəsini saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Xəbərə görə, onların saxlanmasına səbəb “Yeni Ermənistan” partiyasının çağırışı ilə İrəvanın mərkəzində mitinqə toplaşmaq cəhdi olub. Fəalların sənədləri yoxlandıqdan sonra sərbəst buraxıldıqları bildirilir.

Ölkənin Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, silahlı qrup 6 polisi girov saxlamaqda davam edir. Ölkə KİV-nin yazdığına əsasən, hələlik danışıqlar davam etdirilir və girovların azad edilməsi üçün əməliyyatın keçirilməsinə əmr verilməyib. Polis rəisinin müavini Unan Poqosyan bildirib ki, silahlıların Jirayr Sefilyanı azad etmək barədə tələbi yerinə yetirilməyib.

Onun sözlərinə görə, silahlılarla atışmada polkovnik Artur Vanoyan ölüb, 4 polis əməkdaşı yaralanıb.

İrəvanda baş verən hadisələri şərh edən politoloq Andrias Qukasyan “qiyamçıların təslim olmayacağını və son güllələrinə qədər döyüşəcəklərini” deyib. O bildirib ki, polislə toqquşmalar nəticəsində yüzlərlə şəxs həlak ola bilər: “Vətəndaşlar Ermənistan Daxili İşlər Nazirliyi qarşısına toplaşaraq güc tətbiq edilməməsini tələb etməlidir”.

17:37

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına hərbi texnika yeridilib.

AZƏRTAC “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, binanın həyətinə iki zirehli maşın daxil olub. Daha sonra polis yenidən yolu bağlayıb. Polis hər hansı açıqlama verməyib.

14:40

İrəvanın Erebuni rayonunda polis patrul-mühafizə alayına basqın edən şəxslər silahlı qiyamın başladığını bildirib, hakimiyyətdən istefa verməyi tələb ediblər.

TASS-ın məlumatına görə, basqın iştirakçıları – iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın tərəfdarları onun azadlığa buraxılması tələbini səsləndiriblər.

Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin Prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildirib.

Hazırda 7 polis əməkdaşı girovluqda saxlanılır. Keçirilən əməliyyat zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.

11:48

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də səhər saatlarında İrəvanda Ermənistan polisinin patrul-mühafizə alayına hücum edilib. Hücum nəticəsində polkun ərazisində bəzi şəxslər girov götürülüb.

AZƏRTAC “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistan milli təhlükəsizlik xidməti məlumat verib.

Məlumatda hücum edən şəxslərlə danışıqların aparıldığı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.