REGİONLAR
KİV nümayəndələri Qazax rayonunun Aslanbəyli və Çaylı kənd orta məktəblərində tədris prosesini izləyiblər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müdafiə Nazirliyi ilə birgə təşkil etdiyi səfər çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri oktyabrın 24-də Qazax rayonunun sərhədyanı kəndlərindəki məktəblərdə olublar.
Aslanbəyli kənd tam orta məktəbinin direktoru Dilqəm Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, ötən tədris ilində 412 şagirdin təhsil aldığı bu təhsil ocağında 44 müəllim çalışır. 2013-2014-cü tədris ilində məktəbi bitirmiş 45 şagirddən 9-u yüksək bal toplayaraq müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hərbi məktəblərə qəbul olunublar.
KİV nümayəndələri məktəbdəki şərait və tədris prosesi ilə tanış olub, çağırışaqədərki hazırlıq və informatika fənni üzrə dərsləri izləyiblər.
Sonra rayonun Çaylı kənd 2 nömrəli tam orta məktəbinə baş çəkən jurnalistlərə məlumat verilib ki, 2013-cü ildə əsaslı təmir olunan 640 yerlik təhsil müəssisəsi bütün lazımi tədris avadanlıqları ilə təchiz edilib. Ötən il 527 şagirdin təhsil aldığı məktəbin 49 məzunundan 17-si müxtəlif ali təhsil ocaqlarına daxil olub. Onlardan ikisi 600-dən artıq bal toplayıb.
Kəndin sakinləri və ağsaqqallar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.