ELM VƏ TƏHSİL
KİV nümayəndələri Tovuz və Qazax rayonlarına səfər edəcəklər
Azərbaycan Respublikası Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 23-dən 24-dək davam edəcək səfər müddətində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər.
Səfərin təşkilində məqsəd ölkəmizdə ictimaiyyətin düzgün məlumatlandırılması işində KİV-lərə şərait yaratmaqdan ibarətdir.
Eyni zamanda, KİV nümayəndələri qeyd edilən təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanmış məzunları haqqında məlumatlar toplayacaq, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşəcəklər.
Səfər jurnalistlərə cəbhəyanı bölgələrdəki təhsil müəssisələrində tədris mühiti ilə daha yaxından tanış olmağa imkanlar yaradacaq.