İQTİSADİYYAT
KİV nümayəndələri “Ulduz” şokolad fabrikinin istehsal prosesi ilə tanış oldular
AZƏRTAC xəbər verir ki, tədbirdə fabrikin direktoru Vüsal Şərifov təmsil etdiyi qurum haqqında geniş məlumat verdi. Bildirildi ki, 2001-ci ildə fəaliyyətə başlayan fabrikin ixrac potensialı daha da artaraq Rusiya Federasiyasının iri şəhərlərinə, eləcə də Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Yəmən, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb. Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumiyyətlə, dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, Hollandiya, İran və Birləşmiş Ərəb Əmirliklərində keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqramdır. Tamamilə avtomatlaşdırılmış müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub.
Qeyd edildi ki, fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb. “Ulduz” şokolad fabriki, həmçinin bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Yaxın illərdə fabrikdə yeni məhsulların buraxılışı hesabına istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
Sonra KİV nümayəndələri fabrikin istehsal prosesi ilə tanış oldular.