DÜNYA
KİV: referendum Londonun Böyük Britaniyadan fərqini göstərdi
Bakı, 24 iyun, AZƏRTAC
Dünya KİV-ləri iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə keçirilən referendumun nəticəsindən şoka düşüb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Krallıqda dərc olunan qəzetlər səsvermənin nəticələrindən yazdıqları halda, amerikalılar əsas diqqəti sıravi ABŞ vətəndaşlarının həyatına təsir edə biləcək maliyyə nəticələrinə ayırırlar.
Britaniya KİV-ləri: siz nə etdiniz?
Öz oxucularını Avropa İttifaqının tərkibindən çıxmasının əleyhinə səs verməyə çağıran “Independent” qəzeti səhərdən başlayaraq səsvermənin neqativ nəticələrini nəzərə çatdıran materiallar dərc edir.
“Guardian” qəzeti isə referendumu belə xarakterizə edir: “Axmaq bir suala axmaq bir cavab verilib. Bu, demokratiyadır. Rəhbərlik də bu cürdür”, - deyə məqalənin müəllifi Saymon Cenkins yazır. Onun fikrincə, Britaniya referendumun nəticəsindən şoka düşüb. Bu, Şotlandiyanın müstəqillik fəaliyyətini bir qədər də sürətləndirə bilər.
Saymon Cenkins, həmçinin Londonun ölkənin əksər hissəsindən fərqləndiyini də qeyd edib. “Əhalisinin böyük əksəriyyəti Avropa İttifaqında qalmağa səs verən London qurbana çevrilib. Referendumdan sonra bu şəhərin ölkənin qalan hissəsindən qopmuş cırtdan dövlət olduğu məlum olub. Londonun mənəvi ruhuna və firavanlığına ciddi zərbə vurulub. Paytaxt həddən artıq böyük, həddən artıq kök, həddən artıq varlı olub”, - deyə müxbir yaranmış vəziyyəti belə şərh edib.
Britaniya qəzetləri, həmçinin səsvermənin ölkənin parçalanması faktını göstərdiyini qeyd edir. “Qısaca: iki millət biri-birinə siyası uçurum arxasından baxır”, - deyə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyən “Spectator” qəzetinin müxbiri Ceyms Bartolomyu yazır.
Baş nazir postuna yeni namizəd haqda fikir yürüdən “Independent” və “Telegraph” qəzetləri “Downing Street, 10” ünvanının açarlarının Londonun keçmiş meri, “Brexit”in qızğın tərəfdarı Boris Consona qismət olacağında həmfikirdirlər.
Xarici KİV-lər: belə nəticəni heç kim gözləmirdi
“Washington Post” qəzeti “Brexit”in amerikalılar üçün 3 mümkün neqativ nəticələrinin yer aldığı məqalə dərc edib. Əsasən ipoteka üzrə ödəmələrin məbləğı arta bilər, Avropa bazarlarında baş verə biləcək ümumi maliyyə qeyri-sabitliyi amerikalıların təqaüdlərinə təsir edə bilər. Həmçinin Britaniyanın Aİ-nin tərkibindən çıxması amerikalıların yay səyahətlərinə zərər vura bilər – amerikalılar Britaniyada başqa vətəndaşlarla müqayisədə ən çox vəsait xərcləyən turistlər idi – təxminən 4,5 min dollar. Nəşrin fikrincə, Böyük Britaniyanın ittifaqdan çıxması Aİ-nin hökmranlığına və nüfuzuna son qoyub. O, həmçinin Fransa, Macarıstan, İsveç, Niderland, Danimarka və ya Yunanıstanın Avropa İttifaqını növbəti tərk edəcək dövlətlər olacağı proqnozunu verib.
Referendumu “tarixi səsvermə” adlandıran “Wall Street Journal” qəzeti ilk növbədə plebisitin dünya bazarında qiymətli kağızlara təsirini vurğulayıb. Nəşr funt sterlinqin dollara nisbətdə ucuzlaşmasını qeyd edib : “31 ildə ən aşağı göstərici”.
Almaniyanın “Spiegel” qəzeti referendumun nəticəsini inanılmaz və ağlagəlməz adlandırıb. Nəşr səsvermənin nəinki Avropa İttifaqının, eyni zamanda, Kemeron hökumətinin də əleyhinə olduğunu yazır.
Digər xarici ölkə KİV-ləri kampaniyanın nəticələrini işıqlandırsa da, ekspert şərhləri verməkdən ehtiyat edirlər. Türkiyə mətbuatı isə vəziyyəti daha dərindən izləyir. Bir qədər əvvəl Türkiyə hökuməti Böyük Britaniyanın Avropa ittifaqından çıxmasına dair kampaniyada Türkiyə obrazının sui-istifadə olunmasından narazılığını ifadə etmişdi.