SİYASƏT
KOMİSSİYANIN İLK İCLASI APRELDƏ KEÇİRİLƏCƏKDİR
Yunanıstan xarici işlər nazirinin birinci müavini Andreas Loverdosun başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-12-də Azərbaycanda səfərdə olacaqdır.
Yunanıstanın Bakıdakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfər zamanı Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlıq komissiyasının birinci iclası keçiriləcəkdir. Səfərin əsas məqsədlərindən biri də Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun bu ilin yayında Azərbaycana nəzərdə tutulan səfəri zamanı imzalanacaq dövlətlərarası sənədlərin hazırlanmasıdır.
Nümayəndə heyətinə Yunanıstanın “DEPA” qaz şirkətinin prezidenti və rəhbər əməkdaşları daxildir. Onlar “Şahdəniz” yatağından qazın Yunanıstana nəql edilməsi barədə ARDNŞ-lə danışıqlar aparacaqlar.