Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“KOMMUNAL, NƏQLİYYAT VƏ DİGƏR XİDMƏTLƏR ÜZRƏ GÜZƏŞTLƏRİN MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASININ TƏMİN EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 26 DEKABR TARİXLİ 613 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının müddəalarını nəzərə alaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə qərara alıram: 

1. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndində “həlak olmuş döyüşçülərin dul arvadlarına 60 min manat” sözlərindən sonra “Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə 50 min manat, sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 30 min manat, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 25 min manat” sözləri əlavə edilsin.

2. Bu Fərman 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin