SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarin 11-12-də Bakı şəhərində Azərbaycan Respublikasının konstitusiya Məhkəməsi Avropa Şurasının Venesiya Komissiyası ilə birgə “Avropada etno-siyasi münaqişələrin nizama salınmasının hüquqi çərçivəsi” mövzusunda konfrans keçirəcəkdir.
Konfransda federalizm problemi və etnik münaqişələrin siyasi institutlar vasitəsi ilə nizama salınmasında təcrübə, muxtar regionlar sahəsində uğurlu təcrübədən irəli gələn və Avropada gələcək münaqişələrin nizama salınmasında nümunə ola biləcək nəticələr, milli azlıqların beynəlxalq-hüquqi statusu, muxtariyyatların dövlət çərçivəsində formalaşma problemləri, millətlərin öz müqəddəratını təyin etmə hüququ və dövlətlərin ərazi bütövlüyü prinsiplərinin nisbəti, Dağlıq Qarabağ probleminin həll edilməsinin Avropa Şurası baxımından hüquqi aspektləri kimi məsələlər ətrafında çıxışlar ediləcək və müzakirələr aparılacaqdır.
Konfransda Avropa Şurasının Venetsiya Komissiyasının katibi Canni Bukikkio başçılıq etdiyi Venetsiya Komissiyasının üzvləri - Sercio Bartole, Luis Lopes Querra, Kaarlo Tuori, İtaliyanın Avropa Şurasında daimi nümayəndəsi Pyetro Erkole Aqo, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Yuri Reşetov, Gürcüstan Prezidentinin baş müşaviri Levan Aleksidze və xüsusi tapşırıqlar naziri Malxaz Kakabadze, Moldova prezident aparatının siyasi planlaşdırma departamenti rəhbərinin müavini Aleksandr Petkov və başqa ölkələrin ekspertləri iştirak edəcəklər.
Tədbirdə Azərbaycan Respublikası tərəfindən Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev və hakimləri, Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov və onun müavini Gültəkin Hacıyeva, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, xarici işlər naziri Vilayət Quliyev, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin ölkəmizdəki səfirləri və ATƏT-in Bakı şəhərindəki nümayəndəliyinin rəhbəri Boqdan Marçevski iştirak edəcəklər.