DÜNYA
Kaliforniya “Oroville” bəndində yaranan təhlükəyə görə prezidentdən yardım istəyib VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Mühəndislərin Oroville gölü üzərindəki bəndi təhlükəsiz hala gətirməyə cəhd göstərərkən qorxu içində olan on minlərlə kaliforniyalı hələ də sığınacaqlarda yaşayır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, artıq ştatın qubernatoru Cerri Braun şəxsən Prezident Donald Trampa müraciət edərək federal səviyyədə yardım istəyib. Eroziyaya uğrayan bəndin dağılma və eyni zamanda bir neçə yaşayış məntəqəsini su altında qoyma təhlükəsi yarandıqdan sonra təxminən 190 min insan ətraf rayonlardan təxliyə olunub.
Uzun sürən quraqlıqdan sonra bu qış güclü yağıntı səbəbindən Oroville gölündə suyun səviyyəsi xeyli artıb və su bəndin üzərindən aşmağa başlayıb. Bu vəziyyət hələ də davam edir. Nəticədə əsas və ehtiyat su buraxıcısı eroziyaya uğrayıb və hər iki qurğunun dağılma təhlükəsi yaranıb. Bənddə yaranmış fövqəladə vəziyyəti sabitləşdirmək üçün fasiləsiz iş aparılır.
Qeyd edək ki, 1962-1968-ci illər arasında tikilən “Oroville” bəndi ABŞ-ın ən hündür hidrotexniki qurğusudur. Hündürlüyü 230 metr olan bəndin əmələ gətirdiyi göldə 4,3 milyard kubmetr su toplanıb.