CƏMİYYƏT
Kaliforniyada evtanaziyaya icazə veriblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Kaliforniya qubernatoru Cerri Braun sağalmaz xəstələrə həyatdan könüllü getməyə icazə verən qanun layihəsi imzalayıb.
AZƏRTAC “The Los Angeles Times” qəzetinə istinadla xəbər verir ki, bununla da Kaliforniya Amerikada evtanaziyanın icazə verildiyi beşinci ştat olub. Daha əvvəl oxşar qanunlar Oreqon, Vaşinqton, Montana və Vermont ştatlarında qəbul edilib.
Yetmiş yeddi yaşlı C.Braun deyib: “Bitib-tükənməyən şiddətli ağrılar hiss edərək ölməyə məhkum olsaydım, nə edərdim, bilmirəm. Amma əminəm ki, bu qanunun açdığı imkanlardan istifadə etmək pis olmazdı. Mən başqa adamları bu hüquqdan məhrum etməyəcəyəm”. Məlumata görə, qubernator katolikdir və gəncliyində keşiş olmaq istəyib. Qeyd edək ki, katolik kilsəsi evtanaziyanı bağışlanmaz günahlardan sayır.
Yeni qanuna görə, evtanaziyaya iki həkim qərar verməlidir. Onlar təsdiq etməlidirlər ki, xəstə yarım ildən çox yaşamayacaq, habelə onun ağlı və yaddaşı yerindədir.
Qeyd edək ki, Belçika, İsveçrə, Niderland, Lüksemburq və Kolumbiyada evtanaziyaya icazə verilib.