QAN YADDAŞI


Kaliforniyada yəhudi din xadiminin Xocalı soyqırımı haqqında kitabı nəşr olunub

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

ABŞ-ın Los-Anceles şəhərində yaşayan yəhudi din xadimi ravvin İsrael Barukun müəllifi olduğu, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətləri əks etdirən kitab bu günlərdə işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Kaliforniya ştatında fəaliyyət göstərən “Berkley Press” nəşriyyatı tərəfindən çap edilmiş kitab “Xocalı: İnsanlığa qarşı cinayət” adlanır.

Geniş və təkzibolunmaz faktlara əsaslanan bu tədqiqat işi əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsinin yaxın tariximizdəki kökləri barədə məlumat verir, bu səpkidə ermənilərin öz separatçı niyyətlərini həyata keçirmək üçün 1980-ci illərin sonundan etibarən aşkar şəkildə nümayiş etdirdikləri bədxah əməllərə diqqət çəkir. Müəllif vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi əsassız torpaq iddiaları silahlı münaqişə mərhələsinə çatdıqdan sonra ermənilər öz məkrli planlarını reallaşdırmaq üçün terrorçuluqdan xüsusi vasitə kimi istifadə edib, mülki azərbaycanlılar üzərində qorxu yaradaraq onları öz dədə-baba yurdlarından didərgin salmaq planlarını icra ediblər. Həmin illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müxtəlif məkanlarda çoxsaylı qəddarlıqlar törədilsə də, Xocalı soyqırımı öz amansızlığı və kütləviliyi baxımından belə əməllərin zirvə nöqtəsini təşkil edib. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş vəhşilikləri II Dünya müharibəsində yəhudi xalqına qarşı nasistlərin həyata keçirdikləri soyqırımı ilə müqayisə edən İ.Baruk hər iki soyqırımı arasında bu baxımdan oxşarlıqların olduğunu vurğulayır.

Kitabın süjet xətti iki əsas istiqamət üzrə qurulub. Birinci istiqamət Xocalı soyqırımının canlı şahidlərinin - soyqırımı zamanı ermənilərə əsir düşmüş və əsirlikdən azad edildikdən sonra həyat mübarizəsi aparan azərbaycanlıların danışdıqları tükürpədici cinayət faktlarını əks etdirir. Bu səpkidə silahsız və müdafiəsiz mülki azərbaycanlılara, o cümlədən qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş ağır işgəncələr və amansız qəddarlıqlar soyqırımı şahidlərinin öz dillərindən oxucuya çatdırılır.

Əsərin ikinci istiqaməti isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı mövcud vəziyyəti əks etdirir. Müəllif konkret mənbələrə istinad edərək müxtəlif ölkələrin, o cümlədən ABŞ-ın 21 ştatının, həmçinin çoxsaylı beynəlxalq təşkilatların və KİV-lərin bu qətliamın insanlığa qarşı törədilmiş cinayət olduğunu təsdiq edən sənədlər barədə oxucularla məlumat verir. Qeyd olunur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının dünyada tanınması ilə bağlı böyük işlər görüb.

“Xocalı: İnsanlığa qarşı cinayət” kitabı artıq amerikalı oxucuların ixtiyarına verilib. İctimai marağı nəzərə alan nəşriyyat bu əsərin tanınmış internet kitab mağazası olan “Amazon” vasitəsilə satışa çıxarıb ki, bu da dünyanın müxtəlif ölkələrindən mövzuya maraq duyan kitabsevərlərə əlavə imkan yaradıb. Kitabı bu linkdən sifariş etmək olar: https://amzn.com/1888205695.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.