DÜNYA
Kaliforniyadakı uduşlu “Powerball” lotereya bileti satmış mağaza 1 milyon dollar bonus alacaq
Vaşinqton, 12 iyun, AZƏRTAC
Kaliforniyada bir nəfər naməlum alıcı “Powerball” lotereyasında təxminən yarım milyard dollar udub. Yeganə cek-potlu lotereya bileti Kaliforniyadakı bir minimarketdə satılıb. Mağazanın sahibi Mətyu Alberre bu xəbəri “inanılmaz yenilik” adlandırıb. Şənbə günü 447,8 milyon dollar məbləğində cek-pot düşmüş lotereya bileti ABŞ tarixində 10-cu ən böyük lotereya prizi olub.
Bu pulların bir qismi lotereya uduşlu biletinin alıcısına, bir qismi isə həmin bileti satmış mağazaya çatacaq. Kaliforniyada uduşlu lotereya biletinin satışı müqabilində pərakəndə satış işçiləri 1 milyon dollar məbləğində bonus alır.
ABŞ-da ən böyük lotereya cek-potu keçən il yanvar ayında qeydə alınıb. O vaxt lotereyanın 3 qalibi toplam olaraq 1,8 milyard dollar qazanıblar.
“Powerball” lotereyasının administrasiyası tərəfindən verilən məlumata görə, şənbə günü keçirilmiş tirajda qalib gəlmək şansı 1:292,2 milyona bərabər olub. Qalibin uduş barədə müraciət etməsi üçün bir il vaxtı var. Həmin şəxs ya 279,1 milyon dollar məbləğində pul mükafatını birdəfəlik, ya da tam məbləği (447,8 milyon dollar) 29 il müddətində hissə-hissə ala bilər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton