ELM VƏ TEXNOLOGİYA


Kaliforniyanın Berkli Universitetində görkəmli alim Lütfi Zadəyə Azərbaycan medalı təqdim edilib

A+ A

Los-Anceles, 9 sentyabr, AZƏRTAC

ABŞ-ın nüfuzlu Berkli Universitetində sentyabrın 7-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunan mərasim keçirilib.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medal Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

Tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak ediblər. Universitetin mühəndislik fakültəsinin dekanı, Lütfi Zadənin yetirməsi olan professor Şankar Sastri görkəmli alimi bu əlamətdar gün münasibətilə təbrik edib, göstərilən diqqətə və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan Respublikasına dərin minnətdarlığını bildirib.

Sonra professor Lütfi Zadənin ana Vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini əks etdirən qısa film göstərilib.

Çıxış edən baş konsul Nəsimi Ağayev bildirib ki, professor Lütfi Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi professor Lütfi Zadəyə daim diqqət göstərdiyini, bu diqqətin nəticəsi kimi 2011-ci ildə qocaman alimin “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayıb.

Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, qızıl medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Professor Lütfi Zadə çıxışında Azərbaycandan kənarda yaşamasına baxmayaraq, Azərbaycanın daim onun qəlbində xüsusi yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin müdrik rəhbər və istedadlı dövlət xadimi olduğunu vurğulayaraq, ona dərin rəğbət bəslədiyini söyləyib. Qocaman alim bildirib ki, Azərbaycan bu gün nəinki öz regionunda, eləcə də beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu isə hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən düşünülmüş siyasətin və səbatlı dövlət kursunun nəticəsidir. Lütfi Zadə AMEA-nın prezidenti A.Əlizadəyə belə bir medal ilə təltif olunmasına görə təşəkkürünü bildirib.

Tədbirdə professor Lütfi Zadə ilə uzun illər birgə çalışmış, onun elmi-tədqiqat işlərində yaxından iştirak etmiş Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova və Berkli Universitetinin professoru Ceyms Demmel də çıxış ediblər. Onlar dünya şöhrətli alimin elmi araşdırmalarından, bu səpkidə qeyri-səlis çoxluqlar və sistemlər, eləcə də qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Los-Anceles

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.