MƏDƏNİYYƏT
Kalmıkiya Milli Dram Teatrının kollektivi ilə görüş keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərindədir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 9-dan 11-dək davam edəcək qastrol səfərində teatrın yaradıcı kollektivi A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq"), Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşaları ilə çıxış edir.
Qastrol çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla kalmıkiyalı qonaqların görüşü keçirilib.
Görüşdə Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi və Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Boris Manciyev, Kalmıkiya Respublikasının Xalq Artisti Sergey Muçiryayev, rejissor, Rusiyanın Mari El Respublikasının Əməkdar İncəsənət Xadimi Sergey Pekteyev, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, yazıçı-dramaturq Əli Əmirli iştirak ediblər.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə reallaşdırılması nəzərdə tutulan bir sıra layihələr, növbəti qastrol səfərləri barədə müzakirələr aparılıb, qərarlar qəbul edilib.