SİYASƏT


Kamal Abdullayev: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm İli”nin yekunları və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Kamal Abdullayev “Multikulturalizm İli” çərçivəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. Dövlət müşaviri qeyd etdi ki, ən böyük layihə bütün Azərbaycan cəmiyyətinin, dövlət qurumlarının bir istiqamətdə, bir ahəngdə “Multikulturalizm İli”ni uğurla başa vurmasıdır. Bütün xalqın bu prosesdə yaxından iştirak etməsi bizim ən böyük layihəmiz oldu. Prezidentin təsdiq etdiyi Tədbirlər Planında qeyd olunan bütün dövlət qurumları, cəmiyyətimizin bütün təbəqələri faktiki olaraq əllərindən gələni etdilər ki, Azərbaycan dünya səviyyəsində son dərəcə yüksək, alicənab mövqedə özünü göstərə bilsin.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə istinad edən Dövlət müşaviri bildirdi ki, dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycan bütün bunlardan həm iqtisadi müstəvidə, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçə və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoya bilib. “Bunun üçün bizə cənab Prezidentin qarşımıza qoyduğu dəqiq hədəflər kömək etdi. O hədəflərə doğru irəlilədikcə xüsusən də xarici ölkələrdə heç bir çətinlik çəkmədən Azərbaycan həqiqətləri, multikulturalizmi ilə, o cümlədən tarixən Azərbaycanda başqa konfessiyalara, başqa millətlərə olan münasibətlə bağlı son dərəcə münbit əhvali-ruhiyyə ilə qarşılaşırdıq. Bunun da səbəbi odur ki, Azərbaycan Prezidenti dünyanın ictimai-siyasi proseslərində öz titanik fəaliyyəti ilə bunun əsasını qoyub. Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim xarici həmkarlarımızla danışıqlarımızın müsbət nəticəsini Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də son dərəcə asanlaşdırırdı”, - deyə K.Abdullayev əlavə edib.

Azərbaycan multikulturalizminin, həmçinin dünya mədəniyyətinə, bəşəri dəyərlərə də münasibətini həyata keçirməklə öz missiyasını yerinə yetirdiyini qeyd edən Dövlət müşaviri deyib: “2016-cı il başa çatdı. “Multikulturalizm İli” təqvim ili olaraq əbədiyyətə qovuşdu. Yeni illər, yeni əsrlər gələcək, lakin Azərbaycan xalqının canındakı, qanındakı multikultural əhval, başqasına mərhəmət, şəfqət, başqasına acımaq, özünə rəva bildiyini başqasına rəva bilmək hissləri onun əbədi dəyərlər silsiləsinə daxil olan bir həyat tərzi kimi bütün dünyanın yenə də diqqət mərkəzində olacaq. Azərbaycanda multikulturalizmin təntənəsi bizə bunu deməyə hər cür əsas verir”.

Kamal Abdullayev bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. “İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”, - deyə Dövlət müşaviri əlavə edib.

“İslam Həmrəyliyi İli” ilə bağlı 2017-ci ildə həyata keçiriləcək tədbirlərdən danışan K.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən il ərzində müxtəlif konfranslar, seminarlar, “dəyirmi masa”lar keçiriləcək, kitablar nəşr olunacaq, məqalələr yazılacaq. “Ötən il konfranslar, “dəyirmi masa”lar, seminarlar, müsabiqələr keçirildi, festivallar, tamaşalar, sərgilər reallaşdırıldı, yeni qurumlar yaradıldı – bütün bu istiqamətlər yəqin ki, 2017-ci ilin payına da düşəcək. Azərbaycandakı müxtəlif dinlərin xadimləri ilə xarici ölkələrdəki din xadimlərinin, ictimaiyyət və dövlət nümayəndələrinin görüşləri bir tərəfdən Azərbaycanda olan multikultural əhvali-ruhiyyənin işıqlandırılmasına zəmin yaratdı, digər tərəfdən bizə imkan verdi ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə bir daha çatdıraq. Güman edirəm ki, “İslam Həmrəyliyi İli” də dediyim siyasi-metodoloji addımların məntiqli və son dərəcə vacib davamı kimi özünü göstərəcək”, - deyə Dövlət müşaviri diqqətə çatdırıb.

Kamal Abdullayev vurğulayıb ki, “Multikulturalizm İli”nin təbii davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyadır. Bu, həm Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə, həm də İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyi ilə bağlıdır.

“Müxtəlif dinlərə məxsus insanların bir-birinə belə mehriban münasibətini görəndə bəzən Avropadan gələn xaricilər təəccüblənirlər. Onlar bizə tez-tez sual verirlər: “Necə olur sizdə belə bir əhvali-ruhiyyə mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik: “Başqa cür necə ola bilər ki?” Məhz “Multikulturalizm İli” Azərbaycanın bu dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayıb”, - deyə o əlavə edib. Dövlət müşaviri qeyd edib ki, Azərbaycan xalqının canında, qanında olan multikultural əhvali-ruhiyyəni təqvim ili ilə məhdudlaşdırmaq mümkün deyil. Xalqın canında olan multikultural enerji digər illərə də keçəcək. “Multikulturalizm İli”ndə həyata keçirilən bütün tədbirlər bir daha göstərdi ki, Azərbaycan xalqı, cəmiyyəti bütövlükdə bu multikultural əhvalın dünyaya bəyan edilməsinə hazırdır. Bu il ərzində xüsusi olaraq həyata keçirilən layihələrdən biri də Azərbaycan multikulturalizminin bir çox xarici ölkələrin universitetlərində tədris edilməsidir. Bu, gələn il də davam etdiriləcək. 2015-ci ilin yaz semestrindən 2016-cı ilin payız semestrinədək 15 xarici ölkənin universitetlərində bu fənn tədris olunub. Hazırda İtaliyanın La Sapienza, Polşanın Vroslav, Rusiyanın Ural Federal, Türkiyənin Erciyes, Portuqaliyanın Lusofona universitetlərində tədris aparılır. Azərbaycanın 38 dövlət və özəl universitetində, xüsusi təyinatlı ali məktəblərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur. Üç universitetdə Azərbaycan multikulturalizmi kafedrası, Qafqaz Universitetində isə Azərbaycan multikulturalizmi Elm-Tədris Mərkəzi, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri də fəaliyyət göstərir.

“III Beynəlxalq multikulturalizm yay məktəbində iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri daxil olmaqla 20-dan çox ölkədən 100-dən çox üzvü var. “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun yeni fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da beynəlxalq gənclər auditoriyasının diqqətini cəlb etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.