Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamal Abdullayev: Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu

Kamal Abdullayev: Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev başa çatmaqda olan “Multikulturalizm ili” ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Dünyada etnik, dini münaqişələrin tüğyan etdiyi bir zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi beynəlxalq ictimaiyyətə hansı mesajları çatdırdı? Ümumiyyətlə, mesajlar ünvana çatdımı?

-Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu, həmçinin beynəlxalq aləmdə çox müsbət dəyərləndirildi. Biz bir daha öz milli-mənəvi, tarixi dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaq şansı əldə etdik. Həmçinin bir daha özümüzün-özümüzə nəzər salmaq fürsətimiz oldu, öz imkan və arzularımızı bir daha reallıqla uzlaşdırmağa çalışdıq.

Eyni zamanda, biz tərəfdən təqdim edilən bəzi layihələrin işığında xarici ölkə qurumlarında çalışan müxtəlif insanlar, tələbələr, din xadimləri bir daha öz ölkələrindəki multikultural mühiti diqqətdən keçirməyə başladılar. Beləliklə, Azərbaycandakı “Multikulturalizm ili” dünyanın bir sıra ölkələrində multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə, multikultural ab-havanın öyrənilməsinə, hətta müqayisə və saf-çürük edilməsinə səbəb oldu. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin mesajları ünvanına çatdı.

-Məlumdur ki, 25 il bundan əvvəl müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan dövləti hər zaman multikulturalizm siyasətinə sadiqlik nümayiş etdirib. Siz dəfələrlə vurğulamısınız ki, ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi multikulturalizmin banisidir. Belə olduğu təqdirdə məhz bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması hansı zərurətdən irəli gəlirdi?

-Əlbəttə ki, ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi multikulturalizmin banisidir. Dəfələrlə qeyd edilib ki, multikultural dəyərlər Azərbaycan xalqına tarixən xas olan keyfiyyətlərdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bununla bağlı bir kitab da hazırlayıb - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”. Bu kitabda uzun əsrlərdən bəri Azərbaycan yazıçılarının, şairlərinin yaradıcılığında, xalq dastanlarında olan multikultural əhval-ruhiyyə öz əksini tapıb - ya bir qəzəl, ya qəzəlin hansısa bir beyti, misrası kimi, ya da bütövlükdə bir poema, dastan şəklində. Xalqımızın görkəmli ədəbi, elmi, siyasi xadimləri öz millətindən, öz dinindən olmayan dəyərlərə və insanlara həmişə yüksək tolerantlıq və yüksək səmimiyyətlə yanaşıblar. Bunun özü elə multikulturalizmin canını, mayasını təşkil edən xüsusiyyətdir. Amma siyasi cəhətdən multikulturalizm sistemli şəkildə məhz ulu öndər Heydər Əliyev tərəfindən dövlətçiliyimizin ideoloji əsaslarından birinə çevrildi. Əvvəl də siyasi cəhətdən multikultural cəhdlər edilirdi. Azərbaycan Demokratik Respublikası dövründə multikulturalizmlə bağlı bəzi qərarlar da qəbul edilmişdi. Amma bu, pərakəndə şəkildə idi. Təəssüf ki, Azərbaycan Demokratik Respublikasının ömrü də çox az oldu.

Müstəqillik illərində Prezident Heydər Əliyev həm Konstitusiyanın ayrı-ayrı bəndlərində, həm də ayrıca sənədlərdə sistemli şəkildə multikultural siyasətlə, yəni, Azərbaycanda yaşayan başqa xalqların taleyi, tarixi, mədəniyyəti, dili, mənəviyyatı ilə bağlı bir-birini tamamlayan qanunlar və sərəncamlar imzaladı, onların həyata keçməsinə nail oldu.

Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların maddi rifahının, iqtisadi-təsərrüfat durumunun yaxşılaşdırılması ilə bağlı qəbul edilən digər qərarlar da, icra edilən layihələr də, əlbəttə ki, Ulu Öndərin böyük siyasi fəaliyyətinin nəticəsi idi və daim onun diqqət mərkəzində dururdu. Eyni zamanda, bu sistemli fəaliyyət həmin bölgələrdə yaşayan müxtəlif xalqların, bütövlükdə azərbaycanlıların həyat tərzinin, mənəvi həyatının yaxşılaşdırılmasına xidmət edirdi.

Nə üçün məhz bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildi? Əlbəttə, bu da maraqlı sualdır. Ola bilər, dünyada getdikcə daha çox özünə yer edən multikultural maraqlar buna səbəb oldu. Amma hər halda mənə elə gəlir ki, multikulturalizm energiyası cəmiyyətimizin bütün təbəqələrinin canında, ruhunda elə bir ehtirasla yığılıb qalmışdı ki, onun çıxış yolu tapması, qarşıdakı bəndlərin aradan götürülməsi, geniş həyat mövqeyinə çıxarılması üçün məhz bu il daha uğurlu il kimi qəbul edilə bilər. Çünki bunun bir sıra obyektiv səbəbləri də var. Mənə elə gəlir ki, bu gün dünyada BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumunun, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq güc yığması və möhkəm ənənəyə çevrilməsi, dünyanın mütərəqqi qüvvələrini özündə birləşdirən “Bakı prosesi”nin ümidlə başlayıb inamla davam etməsi və başqa möhtəşəm tədbirlər ona gətirib çıxardı ki, prinsip etibarilə, onların məntiqi davamı olaraq bu il “Multikulturalizm ili” elan edildi.

-“Multikulturalizm ili” çərçivəsində Azərbaycan multikulturalizminin dünyaya təqdim olunması istiqamətində hansı addımlar atılıb və atılmaqdadır?

-Bu istiqamətdə son dərəcə mühüm addımlar atıldı. Ən əsas addımlardan birini mən tədris istiqaməti ilə bağlı söyləyə bilərəm. Bu gün “Multikulturalizm ili”nin verdiyi mənəvi imkanlardan istifadə edərək biz Azərbaycan multikulturalizmini, yəni, Azərbaycan psixologiyasını, tarixini, mənəviyyatını, dilini, dinini, mədəniyyətini və bir çox digər sahələri ümumiləşdirib “Azərbaycan multikulturalizmi” adlı bir dərsliyin içinə toplamışıq. Məqsəd odur ki, dərslik bu gün bizim tələbələrimizin və eyni zamanda, xarici ölkələrdə Azərbaycanı öyrənməyə həvəsli olan tələbələrin stolüstü kitabına çevrilsin. Biz öncə Azərbaycan haqqında bu informasiyanı tələbələrə dərs prosesində, auditoriyada çatdırmalıyıq. Bu istiqamətdə BBMM-də ciddi işlər görülür və il ərzində seçim edilərək 15 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilib. Bunlar dünyanın son dərəcə tanınmış və qədim tarixə malik universitetləridir. Məsələn, Çexiyada, Litvada, Polşada, Almaniyada, İsveçrədə, İtaliyada, Portuqaliyada, Türkiyədə, İndoneziyada, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə bu gün Azərbaycan multikulturalizmi fənni tədris proqramlarına daxil edilərək xarici universitet gənclərinin diqqətinə çatdırılır və gənclər bununla Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgi ilə əvəz edirlər. Hər halda biz buna çalışırıq.

BBMM öz işini bununla bitmiş hesab etmir. Xarici gənclərə Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklər verməkdən əlavə, biz o gəncləri ildə iki dəfə Azərbaycana yay və qış multikulturalizm məktəblərinə dəvət edirik. O gənclər ki, Azərbaycan haqda ümumi məlumatı öz universitetlərində alıblar, fənnin tədrisi bitəndən sonra onlar Azərbaycana gəlir, gündən-günə gözəlləşən Bakımızı görür, müxtəlif bölgələrimizdə olur, orada yaşayan azsaylı xalqların adət-ənənələri, mənəvi dəyərləri ilə zəngin olan müxtəlif mərasimlərdə iştirak edirlər. Eyni zamanda, Azərbaycan xalqının kədərli gününü təcəssüm etdirən memoriallarda olurlar. Məsələn, biz onları həmişə Quba Soyqırımı Memorialına aparırıq. Onlar Azərbaycan xalqının bu qanlı tarixi səhifəsi ilə tanış olur, bu mərd və iradəsi qırılmaz xalqı, başına gələn müsibətlərə sinə gərməyi bacaran xalqı daha yaxından tanıyırlar.

Beləliklə, bu gənclər Azərbaycanla bu şəkildə tanış olmaqla öz nəzəri biliklərini praktik biliklərlə tamamlayırlar. Buna görə də elə güman edirəm ki, multikulturalizmin yay və qış məktəblərinin böyük əhəmiyyəti var. Bu, həm də onda özünü göstərir ki, həmin multikulturalizm məktəblərində müxtəlif Azərbaycan universitetlərindən olan gənc tələbələr, bundan əlavə, məktəblərin keçirildiyi bölgələrin gəncləri iştirak edirlər. Onlar arasında yaranan münasibətlər, dostluq əlaqələri sonra da davam edir. Bunu təsdiq edən bir fakt kimi onu qeyd edim ki, son multikulturalizm məktəbində maraqlı bir hadisə baş verdi. Xarici tələbələr öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu yaratdılar. Klubun rəhbərləri bir litvalı və bir yunan tələbə oldu. İndi o klubun saytı da fəaliyyət göstərir. Klubun yüzdən çox üzvü də var. Onlar indi Azərbaycanın mövqeyini azərbaycanlıdan daha əvvəl müdafiə etməyə hazırdırlar. Biz bunun dəfələrlə şahidi oluruq. Məsələn, Amerikada Azərbaycanın xeyrinə bir məqalə çıxanda və ermənipərəst qüvvələr o məqalənin müəllifinə hücumlar təşkil edəndə, onların cavabını ilk növbədə Azərbaycanın gənc dostları klubunun üzvləri verməyə cəhd göstəriblər və buna müvəffəq də olublar. Elə güman edirəm ki, bu layihə çox böyük gələcəyə və perspektivə malikdir.

Azərbaycan multikulturalizminin xarici ölkələrdə təqdimi ilə bağlı bir maraqlı layihəni də qeyd etmək olar. Biz öz din xadimlərimizlə başqa ölkələrin din xadimlərinin mütəmadi görüşlərini təşkil edirik. Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və şeyximiz Hacı Allahşükür Paşazadə özü, Azərbaycandakı Pravoslav Kilsəsinin, Azərbaycan katoliklərinin, Azərbaycan udilərinin, Azərbaycan dağ və Avropa yəhudilərinin rəhbər və nümayəndələri, ictimaiyyət nümayəndələri, milli icmaların rəhbərləri bu görüşlərdə iştirak edirlər. Bu görüşlər İsveçdə, Almaniyada, İspaniyada, İngiltərədə, Rusiyada keçirilib. Təcrübə onu göstərir ki, bu görüşlər həmin ölkələrin din və dövlət xadimləri tərəfindən son dərəcə böyük maraqla qarşılanır. Əlbəttə ki, Azərbaycan multikulturalizmi bir model kimi dünya ictimaiyyətinin diqqətinə bir daha bu şəkildə çatdırılır. Azərbaycan multikulturalizmi müzakirələri Azərbaycan həqiqətləri haqda söhbətlərə çevrilir.

Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə qaldırması və bunun ölkədəki təzahürləri dünyanın bir çox ziyalıları, dövlət xadimləri üçün son dərəcə maraqlıdır. Onlar Azərbaycanda multikulturalizmin təntənəsini dərk etməyə çalışırlar. Azərbaycanda multikultural təhlükəsizliyin prinsiplərini öyrənirlər. Qarşılıqlı fayda gətirən bu görüşlər, güman edirəm ki, həmişə davam edəcək.

Başqa bir layihə kimi onu qeyd edə bilərəm ki, bu il artıq BBMM-in xarici ölkələrdə filialları yaranmağa başladı. Bu gün bu filiallar Portuqaliyada, İtaliyada, Rusiyada, Gürcüstanda, İsraildə, Moldovada, Bolqarıstanda və Almaniyada fəaliyyət göstərir. Bu, o deməkdir ki, həmin ölkələrin ziyalıları Azərbaycan multikulturalizmini öz ölkələrində dəstəkləməyə və təbliğ etməyə hazırdırlar.

Azərbaycan multikulturalizminin təbliği bəzən başqa ölkələrdə yerli şəraitdə multikultural mühitin öyrənilməsi işində katalizator rolunu oynayır. Məsələn, Almaniyanın Auqsburq Universitetində biz “Azərbaycan multikulturalizmi” fənnini tədris etməyə başlayanda universitetin professoru, mənim dostum, görkəmli alman dilçilərindən biri professor Klaus Volf dedi ki, olarmı mən bu fənnin tədrisi zamanı alman multikulturalizmi ilə müqayisə və paralellər aparım? Biz buna çox məmnun olduq və bir daha inandıq ki, Azərbaycan multikulturalizmi başqa ölkələrdə multikulturalizm mühitinin öyrənilməsi üçün təkanverici qüvvəyə çevrilir. Hətta biz “Azərbaycan multikulturalizmi” adlı dərsliyin yazılmasına həmin ölkələrin mütəxəssislərini də cəlb etdik. Bu yaxınlarda işıq üzü görəcək bu dərslik həm yerli, həm də beynəlxalq müəlliflərdən ibarət mütəxəssislər tərəfindən yazılıb.

Digər bir layihə “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasıdır. Bu qaynaqlardan biri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” artıq işıq üzü görüb. O, həm də rus dilinə tərcümə edilərək nəşr olunub. İngilis dilində isə yaxın günlərdə nəşr ediləcək. Bundan başqa, o seriyadan olan “Azərbaycan multikulturalizminin elmi, fəlsəfi və publisistik qaynaqları”, həmçinin “Azərbaycan multikulturalizminin hüquqi və siyasi qaynaqları” kitabları da artıq nəşrə hazırdır. Bu, çox böyük bir layihədir, yaxın zamanlarda bu nəşrlər ictimaiyyətə təqdim ediləcək.

Layihələrin bir istiqaməti də ölkəmizdəki elm mərkəzlərində, xüsusilə, AMEA-da və universitetlərdə Azərbaycan multikulturalizmi şöbələrinin, kafedralarının və mərkəzlərinin açılması ilə bağlıdır. Bu dövrdə AMEA-nın Fəlsəfə İnstitutunda, Folklor İnstitutunda müvafiq şöbələr, Bakı Slavyan Universitetində Azərbaycan multikulturalizmi kafedrası, Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi yaradılıb, eyni zamanda, Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində müvafiq kafedralar yaradılıb. Elə güman edirəm ki, Azərbaycan multikulturalizmi fənninin Azərbaycan universitetlərində tədris proqramlarına salınması çox vacibdir. Çünki Azərbaycanın humanitar yönümlü universitetlərində, məsələn Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti kimi universitetlərdə ədəbiyyat, dilçilik, türkologiya, mədəniyyətşünaslıq dərsləri tədris olunursa, bir sıra universitetlərdə, məsələn, Texniki Universitetdə, Tibb və İqtisad universitetlərində bu, belə deyil. Bu tipli universitetlərdə təhsil alan gəncin bütöv şəkildə formalaşması üçün tarixlə, dil və ədəbiyyatla, mədəniyyətlə bağlı biliklərin böyük əhəmiyyəti var. Bu istiqamətdə də, güman edirəm ki, Azərbaycan multikulturalizmi fənni tədris edildiyi universitetlərdə tədris ili başa çatanda bitməyəcək və bu, uzunömürlü prosesə çevriləcək.

Bu sahədə çox böyük işlər görən Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanın multikulturalizm və tolerantlıq modelini dünya ictimaiyyətinə təqdim etməyin ən yeni formatını heç şübhəsiz ki, Heydər Əliyev Fondu və bu Fondun prezidenti, ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ortaya qoyub. Mehriban xanım Əliyeva öz mütərəqqi və insanpərvər ideyaları ilə Pakistanda, Misirdə, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə təhsilin inkişafına töhfələr verərək orada məktəb tikintisi və bərpası işlərini həyata keçirib. Uğurlu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Fondun dəstəyi ilə ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib. Fransa regionlarında kilsələrin, Luvr muzeyinin, müqəddəs Roma katakombalarının, Kapitoli muzeyinin bərpasında Heydər Əliyev Fondu iştirak edib, məhz onun təşəbbüsü və dəstəyi ilə Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılıb. Bu işlər ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin dərinləşməsinə xidmət edir. Azərbaycanı tolerant və multikultural ölkə kimi dünyaya bir daha yaxından tanıdır, ona böyük hörmət qazandırır.

-Prezidentin Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planı necə icra edildi? Tədbirlər planında adı çəkilən qurumların müştərək fəaliyyəti və onların koordinasiya işləri necə tənzimləndi?

-Əvvəlcə 2016-cı il üçün nəzərdə tutulan Tədbirlər Planı müəyyənləşdi. Ölkə Prezidenti bu Tədbirlər Planını öz Sərəncamı ilə təsdiq etdi və burada koordinasiya işləri BBMM-ə həvalə edildi. Qeyd etmək istəyirəm ki, il boyu müxtəlif nazirliklər, elmi tədqiqat ocaqları, elmi mərkəzlər, universitetlər, dini qurumlar, milli icmalar, müxtəlif ictimai təşkilatlar son dərəcə böyük həssaslıq və entuziazmla öz üzərlərinə düşən işləri həyata keçirdilər. Heç bir qurumu ayrıca qeyd etməyə ehtiyac yoxdur. Çünki onlar hamısı eyni şəkildə öz işlərinin öhdəsindən gəldilər. Bu işin məsuliyyətini və bütövlükdə Azərbaycan üçün faydasını dərk etdilər, cənab Prezidentin qarşıya qoyduğu ideoloji, mənəvi hədəfləri aydın şəkildə gördülər. Çünki o hədəflər çox aydın və dəqiqliklə göstərilmiş hədəflər idi. Bu hədəflərə doğru Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, hökuməti, ictimai təşkilatları hamısı birlikdə möhtəşəm bir addım atdı.

-Ta qədimdən ölkəmizin ərazisində multikultural dəyərlərin, tolerantlığın kök atması, oturuşması onu göstərir ki, dövlətimiz bu dəyərləri kənardan əxz etməyib, dövlət siyasətinə çevrilmiş bu dəyərlər məhz xalqımızın mənəvi varlığından qaynaqlanır. Azərbaycanı dünyada multikulturalizmin “qibləsi”nə çevirmək üçün bundan sonra hansı işlərin görülməsi nəzərdə tutulub?

-Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrilməkdədir. Əlbəttə ki, bu gün dünyada multikulturalizmlə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil. Bu qütblərdən birini mən bədbin, digərini isə nikbin qütb adlandırardım. Multikulturalizmin bədbin qütbünü İngiltərənin keçmiş Baş naziri Devid Kemeron Münxendəki çıxışında formalaşdırdı. Hətta onun bu konfransdakı çıxışı belə ad altında çap edildi: “Mənim multikulturalizmə qarşı müharibəm”. Həqiqətən də bu, bir müharibə idi. Çünki İngiltərədə, Fransada, Almaniyada multikulturalizmin bu cür bədbin şəkildə qəbul edilməsinin bir səbəbi də burada yaşayan başqa xalqların o ölkələrin multikultural, mədəni, mənəvi həyatına inteqrasiya olmama istəklərinə əsaslanırdı. Bu, o deməkdir ki, İngiltərədə, Fransada, Almaniya və digər Avropa ölkələrində qarşıdurma güclənir, mədəniyyətlərin bir-birini tanımaması halı artır, ksenofobiyanın, islamofobiyanın, antisemitizmin, neofaşizmin “çiçəklənməsi” üçün şərait yaranır. Multikulturalizmin bu ölkələrdə iflasını qeyd edən Kemeron, eyni zamanda, bədbin qütbün formalaşdırılmasını da şərtləndirən müddəalarla çıxış etdi. Faktiki olaraq o ölkələrdə ki multikulturalizmə bədbin siyasi münasibət var, orada hər hansı qarşıdurmanı görmək elə də çətin deyil.

Amma bu bədbin qütbə qarşı dünyada nikbin bir qütb də formalaşmaqdadır. Bu nikbin qütbü Azərbaycan Prezidenti İlham Əliyev öz şəxsində təmsil edir və Azərbaycanda multikulturalizmin təntənəsini onu dövlət siyasətinə çevirməklə reallaşdırır. Prezident İlham Əliyevin bu sözləri son dərəcə önəmlidir: “Bu gün dünyada multikulturalizmin alternativi yoxdur”. Elə buna görə də Prezident öz xalqının çoxəsrlik multikultural ənənələrinə əsaslanaraq 2016-cı ili “Multikulturalizm ili” elan etdi və biz inanırıq bu ilin daxili, mənəvi tutumu, energiyası elədir ki, ölkədə mövcud olan multikultural həyat öz davamını o biri illərdə də sürəcək.

-Azərbaycan dövlətinin multikulturalizm və tolerantlıq kimi dəyərlərə xüsusi önəm verməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda ölkəmizə hansı dividendlər qazandırır?

-Baxın, Azərbaycan dövləti hansı istiqamətdə addım atırsa, bütövlükdə bunu bizim ən vacib məqsədimizin həyata keçməsi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda edir. Multikulturalizm və tolerantlıq kimi dəyərlərin dövlət siyasəti səviyyəsinə qaldırılması dünyaya Azərbaycanı daha da yaxından tanıtmaq imkanı verir. Azərbaycanın dostlarının, xüsusən gənc dostlarının sayını artırır. Bu, bir reallıqdır. Bu dostlar Azərbaycan həqiqətlərini bizdən əvvəl deməyə hazır olan bir quruma çevrilirlər.

Xatırlayıram, Ulu Öndər ilk prezidentlik dövründə hansı xarici ölkə rəhbəri ilə görüşürdüsə, coğrafiya müəlliminin çubuğu ilə xəritə qarşısında duraraq Azərbaycan haradadır, Azərbaycan-Ermənistan sərhədi haradan keçir, Dağlıq Qarabağ harada yerləşir – bütün bunlar barədə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün mahiyyəti haqqında məlumat verirdi. İndi bəlkə də belə məlumatlara ehtiyac yoxdur, çünki Ulu Öndər öz vəzifəsini ləyaqətlə, şərəflə yerinə yetirdi. Ona görədir ki, Azərbaycan həqiqətini bu gün bütün dünya qəbul edir. Biz bilirik ki, bu gün ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa edə bilər. Amma bizim öz problemimizi güc yolu ilə həll etməməyimizin bir səbəbi də var. O səbəb dünya xalqlarına və dünya ictimaiyyətinə olan hörmətimizlə bağlıdır. Sülh yolu ilə həlli beynəlxalq qurumlar, dövlətlər önə çəkir. Dünyada demək olar ki, hamı bu yolu məsləhət bilir. Azərbaycan Prezidenti də bütün fəaliyyətini bu istiqamətdə qurur.

-Son illər baş verən hadisələr nəticəsində Avropa ölkələrinə axın edən insan köçü Qərb siyasi elitasını çətin suallar qarşısında qoyub. Sizcə, bu ölkələr öz ərazilərində gəlmələrin özəlliklərini qorumaq qayğısınamı qalmalıdır, yoxsa həmin icmalar sürətlə Avropa cəmiyyətinə inteqrasiya olunmalıdır?

-Multikulturalizmin bəzi ölkələrdə iflasa uğramasının mən deyərdim ki, bir sıra obyektiv səbəbləri də var. Faktiki olaraq multikulturalizm müxtəliflik və müxtəlifliklərin münasibəti deməkdir. İki insan varsa, artıq burada multikultural situasiya var. İki dünyagörüşü varsa, multikultural situasiya mövcuddur. Ortalıqda bir tərcümə kitabı varsa, bu, artıq multikultural şəraitin bəhrəsidir. Biz başqa ölkələrdəki multikultural əhvalın iflasa uğramasının səbəblərini bilmək istəyiriksə, multikulturalizmin mahiyyətinə varmalıyıq. Mənim fikrimcə, müxtəliflik iki cür olur: ilkin müxtəliflik və sonrakı müxtəliflik. İlkin müxtəliflik əsrlərdən bəri müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin, müxtəlif əxlaqların bir-birinin yanında olub bir-birinə yardım etməsinin üzərindən yüksəlir. Bu, Azərbaycan mühiti üçün son dərəcə anlayışlı bir situasiyadır. Biz bilirik ki, əsrlərdən bəri bu torpaqlarda müxtəlif mədəniyyət daşıyıcıları bir yerdə yaşayıblar. Buna görə də bu müxtəliflik onları bir-birindən ayırmağa gətirib çıxarmayıb. Münaqişələr olubsa da, bu münaqişələr həll də edilib. Bəlkə də daha kəskin qarşıdurmalar olub. Lakin hər şey bir vahidin, bir bütövün içərisində həll olunub. Anlaşılmazlıqlar tarixə qovuşub. Artıq bu gün biz həmin müxtəlifliklərin bir vahid, yekrəng məxrəcə gəldiyinin şahidiyik.

Bəzi ölkələrdə isə təəssüf ki, belə deyil. O ölkələrdəki müxtəliflik sonrakı müxtəliflikdir. Belə bir şəraitdə ingilis mədəniyyəti ilə hind mədəniyyəti, fransız mədəniyyəti ilə ərəb mədəniyyəti, alman mədəniyyəti ilə türk mədəniyyəti üzbəüz gəlir. Burada isə qarşıdurma başlayır. Günümüzdə baş verən bu qarşıdurmalar iki dolğun mədəniyyətin bir-biri ilə barışmamasının, bir-birinə qovuşmaq istəməməsinin nəticəsidir. Mən bir şeyi xatırlayıram. Bizim Sabirabad rayonunun Suqovuşan kəndində Araz və Kür çayları bir-biri ilə qovuşur. Mən orada çox maraqlı bir hadisə müşahidə etmişəm. Bu çaylar bir məcraya düşəndən sonra Arazın bir az qırmızımtıl suyu Kürün suyu ilə bir müddət yanaşı axır, hər biri öz rənginin içində. Sonra, əlbəttə ki, bunlar bir-birinə qarışırlar. Bax, həmin qarışmamaq məsələsini, çayların bir-birinin yanında getdiyi olduqca maraqlı təbiət hadisəsini cəmiyyətə də tətbiq etmək mümkündür. Yəni, bir-birinə qarışa bilməyən, inteqrasiya olunmayan mədəniyyətlər məhz sonrakı müxtəlifliklərin obyektiv nəticəsidir. Azərbaycanda isə bizim bəxtimizdən bu müxtəliflik problemi olubsa da vaxtilə həll edilib. Qədim dövrlərdən Azərbaycanda müxtəlif mədəniyyətlər, müxtəlif millətlər bir-birinin yanında formalaşıblar, hətta bir-birini formalaşdıra-formalaşdıra inkişaf ediblər.

İnteqrasiya məsələsini heç zaman qanunla, əmrlə, direktivlə tənzimləmək mümkün deyil. Bu, zamanla mümkün olur. Həmin o çaylar necə ki bir-birinin yanında gedəndə onlara əmr etmirlər, onları hansısa texniki vasitə ilə bir-birinə qatmırlar, o şəkildə də bir-birinə beləcə rast gələn cəmiyyətlərin, mədəniyyətlərin inteqrasiyası ya baş tutur, ya da yox. Hansısa təbəqələrdə, hansısa fərdlərdə bu, baş tutur, bütövlükdə baş tutmaya da bilər. Yaxud bütövlükdə baş tutar, bəzi insanlar arasında münaqişələr isə ola bilər. Bu, son dərəcə individual yanaşma tələb edən bir məsələdir.

-Biz tolerantlığı multikulturalizmin əsası kimi götürürük. Tolerantlıq deyir ki, bəyənmədiyinə döz, amma sözsüz ki, burada istisnalar var. Bizdə tolerantlıq və multikulturalizm necə başa düşülür?

-Tolerantlığı, adətən, “dözümlülük” kimi tərcümə edirlər. Amma məncə, Azərbaycan reallığı ilə bağlı “dözümlülük” sözü yerinə düşmür. Çünki biz nəyə dözürük? Prezident İlham Əliyev qeyd edir ki, ondan xarici qonaqlar tez-tez təəccüblə soruşurlar, sizdə necə olur ki, müsəlmanlar, xristianlar, yəhudilər bir-biri ilə belə mehribandırlar? Bir-birinə qonaq gedirlər, birlikdə yemək yeyirlər, bir-birinin dərdinə acıyır, bir-biri ilə qardaş kimi davranırlar. Cənab Prezidentin bu suala cavabı da maraqlıdır. O, cavab verir ki, bəs başqa cür necə ola bilərdi ki?!

Bəli, hər bir azərbaycanlı bu suala təəccüb edə bilər. Yəni, insani münasibətlər varsa, əgər bir xalq öz daxilində “öz-özgə” qarşıdurmasının üstündən adlayıb keçibsə, bu qarşıdurmanın şüşə kimi adamı kəsən məqamları artıq onu narahat etmirsə, bu insan mənəvi cəhətdən özünə inamlı və rahatdırsa, başqasına özü kimi baxa bilirsə, başqasının dərdinə acıya bilirsə, başqasına şəfqət və mərhəmət nümayiş etdirə bilirsə, mənə elə gəlir, bu insan və onun məxsus olduğu xalq artıq multikulturaldır. Bunu bizim dünənimiz, bu günümüz göstərir, inanıram, gələcəyimiz də göstərəcək. Biz heç nəyə dözmürük, biz bunu, sadəcə olaraq, yaşayırıq.

-Təqvim ili sona çatır və bununla bu il ölkəmizdə elan olunan “Multikulturalizm ili” də sona çatır. Amma biz hələ Azərbaycan multikulturalizm modelinin öyrənilməsi və dünyada təbliği ilə bağlı işlərin səylə davam etdirildiyinin şahidiyik. Bu işi hansı forma və müstəvilərdə davam etdirməyi düşünürsünüzmü?

-Doğrudur, artıq biz təqvim ilinin sonundayıq və 2016-cı il bitmək üzrədir. Amma məncə, Azərbaycanda təqvim ili bitsə də, multikulturalizm ideyaları, multikultural ruh, Azərbaycan multikulturalizminin daxili energiyası hələ uzun illər, uzun əsrlər davam edəcək. Bu, artıq qarşısıalınmaz bir prosesdir və azərbaycanlının başqa dinin, başqa millətlərin nümayəndəsinə münasibətindən, bəşəri dəyərlərə sədaqətindən, öz daxilindəki “öz və özgə” qarşıdurmasının kəskinliyini aradan qaldırmasından tutmuş bütün bəşəri dəyərlərə olan münasibəti, elə güman edirəm ki, xalqımızı dünya ictimaiyyətinin, bütün dünyanın gözündə ucaldan cəhətlərə dönəcək.

Əlbəttə ki, cənab Prezidentin siyasi uzaqgörənlik və müdrikliklə qarşıya qoyduğu hədəflər Azərbaycanın inkişafı, bu günü və gələcəyi üçün son dərəcə mühümdür. Biz o hədəflərə doğru inamla getdik və gedəcəyik. Təqvim ilinin sona çatması multikulturalizm energiyasını cəmiyyətin daxilindən çıxarıb atmaq demək deyil. Cəmiyyət öz multikultural və tolerantlıq idealları uğrunda həmişə yaşamağa və mübarizə aparmağa hazır vəziyyətdə olacaq. Azərbaycan bunu tarixinin ən keşməkeşli vaxtlarında sübut edib, bu gün də sübut edir, sabah da sübut edəcək.

-Multikultural adam. Onu necə təsvir edərdiniz?

-Əti ilə, qanı ilə bu torpaqdan olub, millətindən, dinindən, dilindən asılı olmayaraq bir azərbaycanlı kimi. Bütün dünyanı öz qəlbinə yığan, aləmin dərdini çəkməyə hazır olan azərbaycanlı kimi. Hamını, görüb-tanıdıqlarını, görməyib-tanımadıqlarını sevən, şəfqət, acıma, səmimiyyət və etibar hisslərini özündə qoruyan azərbaycanlı kimi. Ümidlə yaşayan azərbaycanlı kimi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir