SİYASƏT
Kamerunlu nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri barədə məlumatlandırılıb
Bakı, 1 iyul, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva Kamerunun qadınların səlahiyyətlərinin genişləndirilməsi və ailə naziri Marie Therese Abena Ondoa nee Obama ilə görüşündə ona Azərbaycan həqiqətləri, bir milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə məlumat verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu vəhşiliklərinə laqeyd qalmamalı, etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Milli Məclisin deputatı kamerunlu nazirə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları, həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.
Ölkələrimiz arasında qarşılıqlı dəstəyin vacibliyini vurğulayan Kamerunun naziri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini qeyd edib.