MƏDƏNİYYƏT
“Kamilləşən düşüncə” kitabında bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyarlarla yanaşılır
Nəfis şəkildə tərtib olunmuş “Kamilləşən düşüncə” kitabında bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyarlarla yanaşılır. Kitab qloballaşma dövründə milli mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət etməklə yanaşı, bəşəriyyətin inkişafı probleminin yeni həlli yollarını irəli sürmək baxımından da əhəmiyyətlidir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi kitabxanasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar Elm Xadimi Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabının təqdimat mərasimində səsləndirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq professor Şahlar Əsgərovun Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı çoxsaylı xidmətlərindən danışıb.
Qeyd olunub ki, “Kamilləşən düşüncə” kitabı xalqın təfəkkür tərzinin formalaşmasında, cəmiyyətin inkişafında intellekt potensialının başlıca amil olduğunu göstərməklə nəinki dəqiq elmlər, bütövlükdə sosial-fəlsəfə sahəsində çalışan mütəxəssislər üçün də böyük əhəmiyyət kəsb edir. Rektor bir sıra görüşlər keçirmək, mühazirələr söyləmək üçün NDU-da səfərdə olan professor Şahlar Əsgərovu yeni nəşr münasibətilə təbrik edib, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Universitetin ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Məhəmməd Hacıyev bildirib ki, fizika-riyaziyyat elmləri doktoru, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərovun əldə etdiyi elmi nəticələrdən bu gün NASA tərəfindən, Amerika Aeronavika və Astronavika İnstitutunda kosmik tədqiqatlar zamanı geniş istifadə edilir.
Digər çıxış edənlər kitabın elmi məziyyətlərindən, praktiki tətbiq sahələrindən danışıblar. Bildirilib ki, yeni meyardan çıxış edən müəllif bəzi sosial-iqtisadi göstəriciləri ilk dəfə olaraq cədvəl şəklində deyil, qrafik şəklində təqdim edib. Bəşər tarixi isə şərti olaraq iki dövrə bölünüb. Birinci tarixi dövrdə bütün tarixi proseslərə şəxsi mənafe və instinkt düşüncə əsas təsir göstərdiyi halda, ikinci dövr ictimai mənafe və şüurun qalib gəlməsi ilə səciyyələndirilir. Kitabda kamilləşmənin yolunun məhz idrakdan, özünüdərkdən keçdiyi bir daha təsdiqlənir. Sosial inkişafın konsepsiyasını kompleks şəkildə öyrədən yeni nəşr tərəqqi, texnologiya və elmin vəhdəti, sosial dinamika, idarəetmənin açıq cəmiyyət modeli, Allahın varlığının riyazi isbatı ilə bağlı elmi-nəzəri müddəalarla zəngindir.
Sonda müəllif çıxış edərək Naxçıvana dəvət olunmasının, kitabın geniş şəkildə təqdimatının keçirilməsinin ideya müəllifi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova, universitet rəhbərliyinə minnətdarlığını bildirib, muxtar respublika, universitet haqqında yüksək təəssüratlarını bölüşüb, təhsil sahəsində əldə olunan nailiyyətlərdən, mövcud problemlərin həlli yollarından söhbət açıb.