MƏDƏNİYYƏT
Kanadada keçirilən Niaqara Musiqi Festivalı çərçivəsində “Azərbaycan axşamı” təşkil edilib
Bakı, 20 iyul, AZƏRTAC
Kanadada hər il keçirilən məşhur Niaqara Musiqi Festivalı çərçivəsində “Azərbaycan axşamı” təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
Tədbir şəhərin mərkəzi Simko (Simcoe) parkında, açıq səma altında baş tutub. İki saat ərzində davam edən tədbir zamanı Kanadanın Toronto şəhərində olan “Araz” musiqi və rəqs ansamblının heyəti şəhərin sakinləri və çoxsaylı qonaqlarına Azərbaycan milli mahnıları və rəqslərini nümayiş etdirib.
“Azərbaycan axşamı”nın açılışını Niaqara Musiqi Festivalının icraçı direktoru Kristofer Bleyk və səfirliyin birinci katibi Arif Məmmədov ediblər. Arif Məmmədov çıxışında artıq ənənə xarakteri alan bu tədbirin Azərbaycan mədəniyyətinin Kanadada təbliği və Kanada-Azərbaycan ikitərəfli mədəni əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, eləcə də gələcəkdə də bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirib.