DÜNYA
Kann festivalının qalibi qanunsuz mühacirin taleyindən bəhs edən film olub
Bakı, 25 may, AZƏRTAC
Mayın 24-də 68-ci Kann kinofestivalının Coel və İtan Koen qardaşlarının başçılıq etdiyi münsiflər heyəti nüfuzlu kino baxışının nəticələrini müəyyən edib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, festivalın əsas mükafatı olan “Qızıl palma budağı” fransız rejissoru Jak Odiarın “Dipan” filminə verilib. Coel Koen bu qərarın tez bir zamanda qəbul edildiyini və jürinin bütün üzvləri tərəfindən dəstəkləndiyini deyib.
Əsas rollarda Jesutasan Antonitasan, Kalieasvari Srinivasan və Klodin Vinasitambinin yer aldığı Jak Odiarın sosial dramı Şri-Lankadan olan mühacirin taleyindən bəhs edir. Filmin qəhrəmanı – “Tamil-İlamanın azadlıq pələngləri” üsyançı hərəkatının veteranı qanunsuz yolla Fransaya gəlir və yeni “vətənində” qəddar mühitlə qarşılaşır.
Kann festivalının əhəmiyyətinə görə ikinci mükafatı - Qran-pri Macarıstan rejissoru Laslo Nemeşin holokostdan bəhs edən “Saulun oğlu” filminə nəsib olub. Film Osvensim ölüm düşərgəsində əsir olan Saul Auslanderin həyatının iki günündən danışır. Digər əsirlərin cəsədlərini yandırmağa təhkim olunmuş Saul öz oğlu kimi qəbul etdiyi uşağı yəhudi adəti ilə basdırmağa cəhd göstərir. Bu film ümumi rəyə görə festivalın ən iztirablı əsəri hesab olunub.
Ən yaxşı rejissor nominasiyasına “Qatil” filminə görə Tayvan kinematoqrafçısı Xou Syaosyan layiq görülüb. Ən yaxşı kişi roluna görə mükafat Stefan Brizenin “Bazar qanunu” filmində çəkilmiş fransız aktyoru Vensan Lindona, ən yaxşı qadın roluna görə isə mükafatlar Todd Heynsin “Kerol” filmində çəkilən amerikalı aktrisa Runi Mara və Mayvennin “Mənim kralım” filmində çəkilən fransız aktrisası Emmanuel Berkoya verilib.
Ən yaxşı ssenariyə görə priz isə “Xronik” filminə görə meksikalı Mişel Frankoya təqdim olunub.