MƏDƏNİYYƏT
Kann kinofestivalında Azərbaycan pavilyonu qurulub VİDEO
Bakı, 14 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Fransada 68-ci Kann Beynəlxalq Film Festivalı başlayıb. Artıq 5-ci ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu festivalda Azərbaycan pavilyonu təşkil edilir. Festivalda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibinə nazirliyin kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev və Asif Rüstəmov daxildir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, milli pavilyonumuzda Azərbaycan kinosunun müasir inkişafını, nailiyyətlərini, ölkəmizin turizm imkanlarını əks etdirən, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarını təbliğ edən çap, reklam məhsulları nümayiş olunub.
Bu il “Azərbaycanfilm” kinostudiyasının tarixində ilk dəfə olaraq Kann festivalının kino bazarına altı ekran əsəri təqdim edilib. Bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçərişəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə”, “Keçmişdən məktublar” bədii filmləridir.
Festivalın müsabiqə proqramında 19 film yer alıb. Fransalı rejissor Emmanuel Berkonun “Başını dik tutaraq” filmi ilə açılmış festivalın sonunda Lyuk Jakın “Buz və səma” ekran əsəri göstəriləcək.
Amerikalı rejissorlar Coel və İtan Koen qardaşlarının rəhbərlik etdiyi münsiflər heyətinə məşhur aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.
Festival mayın 24-də başa çatacaq və təntənəli mərasimdə “Qızıl palma budağı”nın sahibi və digər mükafatçılar elan olunacaq.