İQTİSADİYYAT
Kapital Bankın depozit kampaniyasının uduşlu lotereyasının ilk qalibi müəyyən olunub
Bakı, 4 mart, AZƏRTAC
Kapital Bankın “Depozitləriniz yüksəlsin” adlı uduşlu depozit kampaniyası çərçivəsində həyata keçirilən lotereyanın ilk qalibi müəyyən olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, 1500 manat məbləğində səyahət paketinin qalibi Kapital Bankın Bakıdakı filiallarının birinə 18 ay müddətinə 30 min ABŞ dolları məbləğində əmanət yerləşdirmiş xanım müştəridir. Martın 15-dək daha 14 ədəd səyahət paketi sahibini tapacaq.
Bu il yanvarın 15-dən martın 15-dək davam edəcək depozit kampaniyası müştərilərə 2 mühüm dəyər qazandırır. İlk növbədə, “Kapital əmanəti” məhsulu üzrə Banka manat depozitləri yatıran müştərilərə illik faiz dərəcəsinə 2 faiz əlavə bonus tətbiq olunur. Martın 2-dən etibarən bu üstünlük, həmçinin ABŞ dollarında əmanət yerləşdirən müştərilərə də şamil edilməyə başlayıb. Bundan əlavə, kampaniya dövründə ən azı 12 ay müddətinə “Kapital” əmanət növünə vəsait yerləşdirən müştərilər hər 500 AZN/USD/AVRO 1 şans əldə etməklə 15 ədəd hər biri 1500 manat dəyərində səyahət paketi sertifikatı qazanırlar.
Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və bankın facebook səhifəsində elan olunacaq. Depozitləri Bankın bütün filial və şöbələrində yerləşdirmək olar.