İQTİSADİYYAT
“Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi üzrə tender prosesinin ikinci mərhələsi keçirilib
“Kapital bazarı infrastrukturunun müasirləşdirilməsi və avtomatlaşdırılması” komponenti çərçivəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınması üçün sənədləri təqdim etmiş iki təşkilatın (“Korea Exchange”, “InfoTech Private Limited”) 2-ci mərhələ tender təkliflərinin açılış mərasimi keçirilib. Tender prosesi Azərbaycan hökuməti və Dünya Bankı arasında “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun təşkil olunub.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir. Layihənin icrası çərçivəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınması ilə əlaqədar 2014-cü il aprelin 18-də yerli və xarici kütləvi informasiya vasitələrində elan dərc olunub.