SİYASƏT


Kappadokiyada Qarabağ küçəsinin açılışı olub

Bakı, 24 iyul, AZƏRTAC 

Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kappadokiyada Qarabağ küçəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə bölgə bələdiyyə rəhbərləri, deputatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər. Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü və Uçhisar bələdiyyəsinin sədri Ali Karaarslanın imzası ilə qədim Kappadokiyanın mərkəzi küçələrindən birinə, hər il yüz minlərlə turistin keçdiyi küçəyə qədim Qarabağın adı verilib.

Ali Karaarslan deputat Qənirə Paşayevanın bir müddət əvvəl Qarabağ həqiqətləri ilə bağlı konfransa gəldiyi zaman Kappadokiyanın mərkəzi küçələrindən birinə Qarabağ adının verilməsi təklifi ilə çıxış etdiyini deyib. Bildirib ki, Qarabağ Azərbaycan qədər bizim də problemimiz və acımızdır, bundan sonra da hər zaman Azərbaycanın yanındayıq.

Nevşəhərdən olan deputat Mustafa Açıkgöz Qarabağ probleminin həllində ikili standartlardan çıxış edən və Azərbaycana lazımi dəstək verməyən beynəlxalq təşkilatları qınayıb. O, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Türkiyənin hər zaman onun yanında olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” adı ilə abidələrin, parkların, küçələrin açılması ənənəsi davam edir. Sadəcə Türkiyədə deyil, dünyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olaraq qəbul olunan qədim Kappadokiyada belə bir küçənin açılması gənc nəsillərimiz üçün önəmli olmaqla bərabər, dosta da, düşmənə də bir mesajdir.

Q.Paşayeva, həmçinin Qarabağ həqiqətlərindən ətraflı danışıb, jurnalistlərin suallarını cavablandırıb, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin birlik və bərabərliyinin daha da gücləndiyini vurğulayıb.

“Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda qətl edilən günahsız insanlar qardaş və bacılarımızdır. Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün birlikdə daha çox çalışmalı, birliyimizi daha da gücləndirməliyik”, - deyə Q.Paşayeva qeyd edib.

İki yaşlı Zəhranın erməni faşistləri tərəfindən vəhşicəsinə öldürülməsindən danışan deputat bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Bildirib ki, həqiqətlərin dünyaya daha geniş yayılması üçün birlikdə daha çox çalışmaq lazımdır. Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik və onların ədalət qarşısında cavab vermələrinə nail olacağıq. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi mesajlara xüsusi toxunan deputat qeyd edib ki, Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.