İQTİSADİYYAT


Karbamid zavodu layihəsinin maliyyələşdirilməsi məsələsi müzakirə edilib

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Karbamid zavodu layihəsinin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Samsung Engineering Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Çonq Heum Parkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı aparılıb.

Görüşdə SOCAR-ın Karbamid zavodu layihəsinin gedişatı ilə bağlı tərəfləri maraqlandıran məsələlər, o cümlədən layihənin maliyyələşdirilməsi məsələlərinə toxunulub.

R.Abdullayev bildirib ki, SOCAR-ın Karbamid zavodunun tikintisi layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir.

Görüşdə qeyd olunub ki, zavodun layihələndirmə işləri 100 faiz, tikinti işləri təxminən 58 faiz olmaqla, ümumilikdə 88 faizi tamamlanıb. SOCAR-ın prezidenti R.Abdullayev layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə, Koreyanın “İxrac-İdxal Bankı” və bir sıra beynəlxalq kommersiya bankları ilə 500 milyon avro məbləğində vəsaitin cəlb edilməsi istiqamətində danışıqların uğurla davam etdiyi və yaxın müddətdə yekunlaşdırılacağı barədə məlumat verib.

Ç.H.Park Karbamid zavodunun tikintisinin qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacağını və nəzərdə tutulduğu kimi 2018-ci ilin əvvəllərində zavodun istismara veriləcəyinə əmin olduğunu bildirib.

Sonda R.Abdullayev “Samsung Engineering” şirkəti ilə əməkdaşlıqdan razı qaldığını və məmnunluq duyduğunu ifadə edib.

Ç.H.Park da öz növbəsində görüş üçün SOCAR-ın prezidentinə minnətdarlığını bildirib, gələcək layihələrdə şirkətlər arasında əməkdaşlığın davam etməsinə hazır olduqlarını bəyan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.