MƏDƏNİYYƏT


Karikaturaçı rəssamlar üçün keçirilən beynəlxalq müsabiqənin nəticələri açıqlanıb

Bakı, 2 may, AZƏRTAC

Ötən il Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşəbbüsü ilə baş tutan VIII “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən AZƏRTAC-a bildirilib ki, “Tolerantlıq və multikulturalizm” mövzusunda gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşıb.

“Multikulturalizm İli” çərçivəsində təşkil edilən müsabiqəyə 61 ölkədən 370-dək karikaturaçı qatılıb. Həmçinin müsabiqəyə münsiflər heyəti qismində Yaponiya, Rusiya, Fransa, İsrail, İran, Kipr və ABŞ-ı təmsil edən tanınmış karikatura ustaları dəvət olunublar.

Üç turdan ibarət müsabiqədə I yerə Tsocho Peev (Bolqarıstan), II yerə Sunnerberq Konstantin (Belçika), III yerə Oleksi Kustovski (Ukrayna) və Leslie Rikkiardi (Uruqvay) layiq görülüblər. Bir neçə iştirakçıya Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikatura Mərkəzinin və münsiflər heyətinin xüsusi diplomları təqdim olunub.

Bu il keçiriləcək IX “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsi isə IV İslam Həmrəyliyi Oyunlarına həsr olunacaq və “İdman, dostluq yarışları” adı altında gerçəkləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.