SİYASƏT
Karin Enström: Avropa dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət ayırması vacibdir
Stokholm, 27 may, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov İsveç parlamentinin xarici işlər komitəsinin sədr müavini, keçmiş müdafiə naziri xanım Karin Enström ilə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.
Səfir Adış Məmmədov Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-İsveç əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı məlumat verib, Azərbaycanın bu əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı və bu layihədə rəsmi Bakının mövqeyini diqqətə çatdıran diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rol oynayan, Avropa ölkələri ilə bərabərhüquqlu əlaqələr qurmaq istəyən bir ölkə kimi Aİ-nin deyil, özünün dövlətçilik maraqlarına uyğun siyasi qərarların qəbul edilməsində israrlı olduğunu deyib. O, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında qalmasının davam etməsi və Aİ-nin təcavüzkar Ermənistana qarşı heç bir cəza tədbirləri görməməsi, ən nəhayət təşkilatın beynəlxalq hüququn aliliyini təmin etməməsi ilə bağlı mövqeyinin Azərbaycanda haqlı narazılıq yaratdığını vurğulayıb. XX əsrin sonunda, beynəlxalq hüququn hakim olduğu dövrdə bir dövlətin başqa dövlətə qarşı təcavüzünün heç bir norma və prinsipə sığmadığını və bunun tamamilə qəbuledilməz olduğunu vurğulayan səfir Azərbaycan ərazisinin 20 faizinin zəbt edildiyini və 1 milyondan çox insanın öz yurd-yuvalarından didərgin düşərək qaçqın və köçkün halına düşdüyünü diqqətə çatdırıb. O, BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, həmin qətnamələrdə işğalın pislənildiyini və Ermənistan hərbi birləşmələrinin zəbt edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu bildirib, lakin bu günə qədər Ermənistan hakimiyyətinin bu sənədlərə məhəl qoymadığını qeyd edib. A.Məmmədov Avropanın rəhbər tutduğu dəyərlərə söykənərək beynəlxalq hüququn prinsiplərinin təmin edilməsinin vacibliyini vurğulayıb. Səfir Ermənistanın işğal etdiyi əraziləri geri qaytaracağı təqdirdə Azərbaycanın Ermənistanla siyasi, iqtisadi münasibətləri bərpa etməyə, o cümlədən Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduğunu, lakin bütün bunlara baxmayaraq, rəsmi Yerevanın beynəlxalq hüquqa məhəl qoymayaraq həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini və işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdırıb.
A.Məmmədov Azərbaycanın dünyada qədim tolerantlıq ənənələrinə malik ölkələrdən biri olduğunu deyib. Bu gün ölkəmizdə 20-dən artıq aborigen xalqın, habelə 3 əsas dinin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığını, Azərbaycanda məscidlərlə yanaşı, kilsə və sinaqoqların da fəaliyyət göstərdiyini bildirib və belə bir tolerantlıq modelinin beynəlxalq institutlar tərəfindən alqışlandığını vurğulayıb.
Karin Enström səfir Adış Məmmədovun fikirləri ilə həmrəy olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ölkəsini də narahat etdiyini deyib. Münaqişənin bütövlükdə regionun inkişafına mənfi təsir göstərdiyini deyən Karin Enström bu problemin həllinə Avropa dövlətlərinin diqqət ayırmasının vacibliyini vurğulayıb. İsveçin, xüsusilə də təmsil etdiyi komitənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illər fəallıq göstərdiyini qeyd edən Karin Enström Şərq Tərəfdaşlığı ölkələrindəki həlli uzanan münaqişələrə yenidən diqqətin ayrılmasının vacibliyini vurğulayıb. Xanım Enström hər bir halda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin münaqişənin həlli üçün əsas olduğunu və bu qətnamələrə hörmət edilməsinin, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı kimi prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda səfir A.Məmmədov ölkəmizdəki inkişaf prosesləri ilə yerində tanış olmaq üçün K. Enströmü təmsil etdiyi komitənin əməkdaşları ilə birlikdə Azərbaycana səfərə dəvət edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm