İQTİSADİYYAT


Karlo Kalenda: TAP layihəsi İtaliya üçün çox böyük əhəmiyyət kəsb edir

Bakı, 23 fevral, Laçın Sultanova, AZƏRTAC

“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün çox böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda fevralın 23-də Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes-forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak edib.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. İndiyədək ölkələrimiz arasında 17 biznes-forum və işgüzar görüş keçirilib. Azərbaycan və İtaliyanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıran Niyazi Səfərov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, əczaçılıq sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu bildirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından olduğunu vurğulayıb. Karlo Kalenda qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən qeyri-neft sektoru, İtaliyada istehsal olunan malların Azərbaycanda təşviqi və sənaye sahələri olmaqla üç istiqamətdə qurulub. İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayan K.Kalenda İtaliya iqtisadiyyatına və ölkəmizlə əməkdaşlığın inkişaf istiqamətlərinə dair məlumat verib.

Sonra AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, İtaliya şirkətləri isə fəaliyyətlərinə dair məlumat veriblər.

Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.