CƏMİYYƏT


Kartof alarkən nəyi bilmək vacibdir?

Bakı, 17 iyun, AZƏRTAC

Kartof gündəlik qidamızın ayrılmaz tərkib hissəsidir və yeməklərin böyük əksəriyyətinin hazırlanmasında istifadə edilir. Kartofun tərkibində su, nişasta, şəkər, zülal, mineral duzlar, vitaminlər və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın və s. müalicəsində geniş istifadə edilir.

Təyinatına görə kartof aşxana, texniki, yem və universal kartof qruplarına bölünür. Aşxana növ kartofda nişastanın miqdarı 12-18 faizdir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə zəngin olur. Kartof xüsusiyyətinə görə dağılan və dağılmayan formalı olur. Dağılmayan kartofları sulu xörəklərə işlətmək daha məqsədəuyğundur. Dağılan kartoflar isə qızartma məqsədilə daha çox istifadə edilir.

Kartof xüsusilə bir çox ətli xörəklərdə istifadə olunur. İnsan mədəsində tez həzmə gedən tərəvəzdir. Xörək üçün bazardan iri və üstü çopur (kəpəkli) kartof almaq daha məsləhətlidir. Çünki belə kartoflarda şəkər az, vitamin isə nisbətən çox olur ki, bu da xörəyi dadlı edir. Kartofu günəş düşən yerdə saxladıqda qabığı yaşıllaşıb xlorofil əmələ gəlir ki, bu da onun acı dadmasına səbəb olur. Yaxşı olar ki, kartof soyulmazdan əvvəl yuyulsun və maşında soyularsa, ölçüsünə (böyüklüyünə) görə çeşidlənsin. Belə olduqda kartofun əsas nişastalı hissəsi, qabıqda az gedir. Yəni itki 10-15 faiz olur. Xırda kartoflar xörəyə bütöv salınsa yaxşı olar. Soyulmuş kartofu bir neçə saat saxladıqda qaralır. Qaralmasın deyə suya qoymaq lazımdır. Suda çox saxladıqda qida maddələri nisbətən itib, nişastanın keyfiyyəti pisləşə bilər.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru, cücərməmiş, rəngi və forması bircinsli olmalıdır. Kartof yumrusunun diametri tezyetişən kartofda 30 millimetrdən, gecyetişən kartofda 45 millimetrdən az olmamalıdır. Əgər kartof uzunsov olarsa, onda tezyetişən sortlarda 25 millimetrdən, gecyetişənlərdə isə 30 millimetrdən az olmamalıdır. Ticarət şəbəkəsində satışa çıxarılan kartofun səthinə yapışmış torpağın çəkisi 1 faizdən çox olmamalıdır.

Kartof adətən üstü bağlı nəqliyyat vasitələrində daşınmalıdır. Onun aşağı temperaturun təsirindən (4ºC-dən aşağı), atmosfer təzyiqindən və işıqdan müdafiəsini təmin edən üstü açıq nəqliyyat vasitələrində daşınmasına da icazə verilir.

Kartofu bağlı havalandırma sistemi olan anbarlarda 4-12ºC hava temperaturunda 3 sutkadan artıq olmayaraq, 12-20ºC-də isə 2 sutkadan artıq olmayaraq saxlayırlar. Saxlama zamanı havanın nisbi rütubəti 85-90 faizə qədər olmalıdır.

Kartof bazar və ticarət şəbəkələrinə iri torbalarda və kisələrdə gətirilir. Yuyulmuş, yaxud torpağı təmizlənmiş seçmə kartoflar kisələrə qablaşdırılır. Adi kartof isə qablaşdırılmadan iri torbalara yığılıb satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.