REGİONLAR
“Karvan-L” EKO sənaye parkında keramik dam örtüklərinin istehsalı zavodu inşa olunur
Ağstafa, 22 aprel, Famil Quliyev, AZƏRTAC
Cari ilin birinci rübündə Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 36,1 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənayedə 2,2 faiz, kənd təsərrüfatında 1,7 faiz, nəqliyyat sahəsində 4,1 faiz, rabitə xidmətində 6,2 faiz, ticarətdə 9,9 faiz, tikintidə 21 dəfə artım qeydə alınıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 11,3 dəfə çox olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ağstafa rayonunda cari ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin məruzəsində qeyd edilib.
Bildirilib ki, Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart aylarında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb. Rayon üzrə 10530 hektarı buğda, 1552 hektarı arpa olmaqla, 12082 hektar taxıl səpini həyata keçirilib ki, bu da ötən illə müqayisədə 1563 hektar çoxdur. Cari ildə rayonda 500 hektar sahədə şəkər çuğundurunun əkilməsi nəzərdə tutulur. Artıq 300 hektar sahədə səpin aparılıb.
Prezident İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilib. İstehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkı fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də istixana kompleksi fəaliyyət göstərir. Hazırda gücü sutkada 500 kvadratmetr olan keramik dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri aparılır.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa Taxıl və Un Məmulatları Kombinatının tikintisi davam etdirilir. Kombinat 3 zavoddan ibarət olacaq. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, hazır məhsul anbarı, ikimərtəbəli fast-food iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı və yem anbarı tikiləcək.