İQTİSADİYYAT


“Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Yarmarkaya Səbail, Qaradağ, Xəzər, Nərimanov, Yasamal, Binəqədi və Sabunçu rayonlarının məşğulluq mərkəzləri, ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri, həmçinin muzeylər, tədris mərkəzləri və digər müvafiq müəssisələr qatılıb.

Yarmarkada iştirak edən müəssisələr öz vakansiyaları və karyera planları haqqında məlumatları təqdim ediblər.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, bu il ərzində dövlət məşğulluq xidməti orqanlarının təşkil etdiyi 9-cu belə tədbirdir. Bu tədbirin əsas məqsədi məzunları və tələbələri əmək bazarı ilə taniş etmək, əmək bazarında olan vakansiyalar barədə onlara məlumat verməkdir. Həmçinin onların peşələrinə və ixtisaslarına uyğun iş yerlərinin təqdim olunmasıdır.

Nazir müavini vurğulayıb ki, bu gün bu tədbirdə 89 müəssisə iştirak edir. Onlardan 3-ü dövlət, 86-sı özəl müəssisədir. 280-dən çox vakant yer təqdim olunur. Bu vakant yerlər əsasən turizmlə bağlı olan xidmət sektorunu əhatə edir. Eyni zamanda qulluqçu peşələri üzrə də vakansiyalar təqdim edilir. Təqdim olunan vakant yerlərin maaşları 200-250 manatdan başlayaraq 1000-1200-ə qədərdir.

Bölgələrdə fəaliyyət göstərən bəzi turizm obyektlərinin də burada təmsil olunduğunu söyləyən Mətin Kərimli deyib ki, gələn il belə tədbirlər əsas turizm potensialının yerləşdiyi regionlarımızda da təşkil olunacaqdır.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə yarmarkaların təşkil olunmasının əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Karyerada ilk addım” devizi altında keçirilən bu tədbirlərin əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışına şərait yaradılması məqsədini yüksək qiymətləndirib. Nazir müavini vakant iş yerləri təqdim edən şirkətlərin əsasən turizm sənayesi və ona yaxın sahələrdən olması universitet tələbələri və məzunları üçün karyera başlanğıcında önəmli ola biləcəyinə əminliyini vurğulayıb: “Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunması üçün müntəzəm işlər həyata keçirir. Turizm müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Turizm və Menecment Universiteti və onun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi, eyni zamanda Mingəçevir Turizm Kolleci bu sahə üçün kadrlar hazırlayır. Ölkəmizin turizm sənayesi üçün bu günə kimi 3500 nəfərdən çox mütəxəssis hazırlanıb. Bundan başqa turizm sənayemiz üçün ölkənin digər təhsil ocaqları da kadr hazırlığı ilə məşğul olur”.

Nazim Səmədov deyib ki, həm paytaxt Bakıda, həm də regionlarda turizm müəssisələri işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur.

Qeyd edək ki, vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət imkanı əldə edərək, mövcud əmək bazarı və əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat alırdılar. Onlar işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları CV vasitəsilə təqdim edirdilər. Tədbiri işəgötürənlər üçün də faydalı hesab etmək olar. Çünki onlar bununla gələcəkdə bu və ya digər ixtisaslar üzrə işə qəbul edəcəkləri kadrların seçimini aparmaq imkanı qazanırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.