CƏMİYYƏT
“Kaspi” liseyinin ən çox makulatura toplayan şagirdləri mükafatlandırılıb
Bakı, 31 may, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin “Kaspi” liseyinin Bakıxanov filialında təşkil etdiyi makulatura toplanılması müsabiqəsi yekunlaşıb. ASC-dən AZƏRTAC-a bildirilib ki, liseyin 7C sinfi 10 gün ərzində 150 kiloqram istifadə edilmiş lazımsız kağız yığaraq müsabiqənin qalibi olub. Ümumilikdə məktəbdən 1500 kiloqramdan çox makulatura toplanılaraq təkrar emala göndərilməsi üçün “Təmiz Şəhər”ə təhvil verilib.
Liseydən 10 gün ərzində toplanmış ümumi makulatura ilə təkrar emal zamanı hazırlanan kağızın miqdarı 30 ağacın kəsilməsi ilə əldə edilən kağıza bərabərdir. Bu, o deməkdir ki, “Kaspi” şagirdləri bu müsabiqə ilə yalnız 10 gündə 30 ağacın kəsilməsinin qarşısını alıblar.
Səhmdar cəmiyyət kağız israfını azaltmaq, lazımsız kağızlarla rəftar mədəniyyətini aşılmaq, təkrar emal sahəsini öyrətmək məqsədilə yarış təşkil etmişdi. Müsabiqənin şərtinə görə, 10 gün ərzində şagirdlər liseydə və evdə istifadə edilmiş lazımsız kağız və karton məmulatlarını məktəbə gətirərək “Təmiz Şəhər”in burada yerləşdirdiyi xüsusi tullantı qutularına atıblar. Hər sinfin təhvil verdiyi kağız tullantının miqdarı ölçülüb. Nəticədə ən çox maklatura təhvil verən sinif qalib elan olunub və şagirdlər ASC tərəfindən mükafatlandırılıb.
“Kaspi” liseyi ilə “Təmiz Şəhər” ASC ötən il əməkdaşlığa başlayıb. Səhmdar cəmiyyət liseyin filiallarında xüsusi tullantı qutuları yerləşdirib. Həmçinin ASC-nin mütəxəssisləri tərəfindən uşaqlar üçün xüsusi dərslər təşkil olunur, onlar qurumun tullantıların çeşidlənməsi və yandırılması zavodlarına turlara aparılır.