ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alim və mütəxəssisləri mükafatlandırılıblar
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup gənc alim və mütəxəssisi “Akademik Murtuza Nağıyev adına mükafat”a layiq görülüb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma mərasimində institutun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev 2013-cü ildə təsis edilən bu mükafatın hər il kimya üzrə xüsusi nailiyyətləri olan gənc mütəxəssislərə verildiyini söyləyib. AMEA-da gənclər siyasətinin həyata keçirilməsi istiqamətində son illər görülən işlərdən danışan D.Tağıyev gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin stimullaşdırılmasında müsabiqələrin təşkilinin və onların mükafatlarla təltif edilmələrinin əhəmiyyətini vurğulayıb.
İnstitutun direktoru “Akademik Murtuza Nağıyev adına mükafat”ın verilmə qaydalarından da söz açıb. Bu mükafatın təqdimatı ilə bağlı komissiyanın yaradıldığını bildirən direktor institut gənclərindən yeddisinin namizədliyinin irəli sürüldüyünü, onlardan dördünün fəaliyyətinin komissiya tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.
D.Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banisi Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqlayıb.
İnstitutun elmi işçiləri - Ülvi Nəcəfquliyevə, Natəvan Soltanovaya, Elmir Babayevə və Səadət Hümbətovaya mükafatın diplomu təqdim edilib.